22 Yanvar 2016 16:24
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən növbəti plenumda bildirilib.

Qeyd olunub ki, mülki kollegiyada 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artım müşahidə olunub. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb.

Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdısa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.

2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib.

Plenumda Ali Məhkəmənin 2016-cı ilin birinci yarısına dair iş planı təsdiq olunub. Bundan başqa, plenumda konkret cinayət və mülki işlərə baxılıb. Müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.

Hacı Zeynalov


Müəllif: