22 Yanvar 2016 18:48
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad Həsənov: “Bu il bir çox islahatlar aparılacaq, xüsusən qeyri-neft sektorunun inkişafı təmin olunacaq”

Sahibkarlıq subyektlərində yoxlamaların iki il müddətində aradan qaldırlması, lisenziyaların sayının azaldılması, sənədləşmənin ASAN Xidmətə verilməsi sahibkarlığın inkişafı üçün olduqca əhəmiyyətli addımlardır. Bunlar həm də idxaldan asılılığı aradan qaldırmağa hesablanıb.

Hazırda prioritet addımlardan biri yerli malların tərkibində işlədilən xarici komponentlərin daxildə istehsalını təşkil etməkdir. Belə olduqda həmin məhsulların qiyməti xeyli aşağı düşəcək. Çünki sahibkarlar yerli istehsaldakı qiymət siyasətinin məhz komponentlərin xaricdən alınmasına hesablandığını deyirlər.

Ekspertlərin də bununla bağlı təklifi maraqlıdır. Bəzi mütəxəssislər hesab edirlər ki, komponentlərin daxildə istehsalı başlanana qədər, ilkin addım kimi onların idxalına vergi və gömrük güzəştləri tətbiq oluna bilər.

Xatırladaq ki, sahibkarlığın inkişafı və idxaldan asılılığı aradan qaldırmaq üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına kreditlərin verilməsi bu il də davam etdiriləcək. İl ərzində ən azı 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər nəzərə alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq.

Ölkə başçısı İlham Əliyev də çıxışında iş adamlarının ilk növbədə Azərbaycana sərmayə qoymalı olduqlarını vurğulayıb.

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, ölkə başçısının son müşavirələrdə qeydləri göstərir ki, idxal və ixrac proseslərində, yerli istehsalda, kənd təsərüfatı istehsalçılarının bazara çıxmasında və digər istiqamətlərdə çox ciddi addımlar atılır. Ekspert deyir ki, 2015-ci ilin iqtisadi nəticələri və neftin ucuzlaşması onu göstərdi ki, ölkə resurs asılılığını minimuma endirməlidir: “Sahibkarlığın inkişafı istiqamətində artıq 2016-cı ilin ilk günlərindən ciddi addımlar atılmağa başlanılıb. Belə ki, ölkə başçısının son müşavirələrdə qeydləri idxal və ixrac proseslərində, yerli istehsalda, kənd təsərüfatı istehsalçılarının bazara çıxmasında və digər istiqamətlərdə çox ciddi addımlar atılmasına sübutdur.

Yanvarın 18-də ölkə başçısı tərəfindən ixracın stimullaşdırılması məsələləri əhatə edən və investorların təşviqi sənədinin verilməsi ilə bağlıdır iki fərman imzalanıb. Hər iki fərman onu göstərir ki, hökumət bu istiqamətdə ciddi işlər görür. Mən düşünürəm ki, hökumət bu istiqamətdə səyləri daha da gücləndirməli, iqtisadiyyatın hazırkı vəziyyətində ölkəyə xarici valyuta axınını cəlb etmək məqsədilə xarici investorların marağını çəkməlidir".

Rəşad Həsənovun sözlərinə görə, 2016-cı ildə bir çox islahatlar gedəcək, xüsusən də qeyri-neft sektorunun inkişafı təmin olunacaq.

İqtisadçı-ekspert Qalib Toğrul isə hesab edir ki, qeyri-neft sektorunun hər bir sahəsinə, hər bir məhsulun istehsalına konkret yanaşmaq lazımdır: “Əvvəla, istehsal olunacaq məhsulun ölkədə yetişə bilmə mexanimzi araşdırılmalı, mütəxəssislərin rəyi öyrənilməldir. Məsələyə bir məhsulun istehsalında apardığımız araşdırma ilə yanaşsaq, nəticəni göstərə bilərik. Məsələn, götürək taxıl istehsalını. Hazırda əhalinin əksəriyyəti əkinə yararlı sahələrdə taxıl əksə də, məqsəd başqadır. Taxıla əlavə dotasiya ödənilir.

Yanacağa verilən puldan əlavə, taxılın da hektarına 40 manat verilir. Azərbaycanın müxtəlif bölgələrində əksər hallarda taxılı əkirlər, sonra isə yığmırlar. Yəni subsidiya alandan sonra proses maraqlı deyil. Məqsəd taxılı yetişdirmək, becərmək deyil. Məqsəd dotasiyadan bəhrələnməkdir.

Statistikaya görə, Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunur. Onun da 1,7 milyon tonu buğdadır. Taxılla bağlı ehtiyat fondu var, dövlətin Taxıl Fondu var. Həmin Taxıl Fonduna hər il taxıl alınması ilə bağlı elan verilir. Ancaq heç vaxt Taxıl Fonduna yerli istehsal olunan taxıldan bir kiloqram da alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına uyğun gəlmir. Bizim istehsal etdiyimiz taxıldan əslində heç yemək üçün istifadə etmirik. Bəlkə lokal şəkildə istifadə olunur, kiçik sahədə əkən insanlar istifadə edirlər.

Amma bazara, çörək sexlərinə xarici istehsal gətirilir. Xaricdən hər il təxminən 1 milyon 500 min ton buğda idxal edirik, 1 milyon 800 min ton da özümüz istehsal edirik. Bunlar üst-üstə 3 milyon 300 min ton taxıl edir. Azərbaycanın istehlakı, tələbatı haradasa 1 milyon 300 min tondur. Yəni belə çıxır ki, əgər xaricdən bu qədər taxıl idxal ediriksə, bizim özümüz istehsal etdiyimiz taxıldan yemək kimi istifadə etmirik.

Bizim bu sahədə siyasətimiz düzgün olmadığı üçün xaricdən aldığımız taxılın hesabına yaşayırıq. Yaxud götürək ökənin iri məhsul istehsalçısı “Azərsun”unun təcrübəsini. Şirkət xiyar turşusu istehsal edir, məhsulu Vyetnamdan idxal edir. Halbuki Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına bölgələrdə müsair sartandartlara cavab verən istixanalar tikilib.

Araşdırmaq lazımdır ki, niyə şirkət bu istixana təsərrüfatlarının fəaliyyətindən yararlanmır? Odur ki, əvvəlcə səbəblər öyrənilməlidir. Bu minvalla da şəkərin və digər vacib məhsullarn istehsalı araşdırılmaldır".

Vergi və gömrük güzəştlərinin tətbiqinə gəlincə, ekspert bunun ilk baxışdan qənaətbəxş olduğunu hesab etsə də, çıxış yolu olmadığını deyir: “Nəzərə alaq ki, gömrük rüsumları və əlavə dəyər vergisinin büdcədə xüsusi çəkisi var. Bir çox məhsullardan bunu götürsək, büdcədə yaranacaq kəsir probleminin həllini axtracağıq. Vergidən azad etmək çıxış yolu deyil. On ildən çoxdur bunu kənd təsərrüfatı sahəsində tətbiq eləmişik, amma ortada uğurlu nəticə yoxdur. Əsas diqqəti daxili istehsalın gücləndirilməsinə yetirməliyik”.

Naibə


Müəllif: