25 Yanvar 2016 18:25
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-də Azərbaycanın Baş naziri Artur Rasizadə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Seretelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son illər xeyli inkişaf etmiş Azərbaycan iqtisadiyyatının ölkə əhalisinin sosial problemlərinin həllində, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola diqqəti çəkən A.Rasizadə ölkəmizin bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığa açıq olduğunu xatırladıb. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylərin daha da artırılmasının və real addımlar atılmasının vacibliyini nəzərə çatdıran Baş nazir bütün regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında Ermənistanın tutduğu qeyri-səmimi və qeyri-konstruktiv mövqeyin ATƏT rəhbərliyi tərəfindən nəzərə alınmasının zəruriliyini qeyd edib. O, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlar tərəfindən ikili yanaşmanın olduğunu da təəssüflə bildirib.

Ölkəmizə səfərin məqsədi barədə Baş nazirə ətraflı məlumat verən ATƏT Parlament Assambleyasının sədr müavini G.Sereteli Azərbaycanın Avropa üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasından, xüsusən son dövrlər cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edən qonaq ATƏT-in Azərbaycanla əlaqələrində münasibətlərin daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəslədiyini vurğulayıb.

Qəbulda Avropa dəyərləri kontekstində mövcud problemlərə yeni yanaşmanın zəruriliyi və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif: