26 Yanvar 2016 10:11
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Parlament Assembleyasının (AŞPA) plenar iclasında Dağlıq Qarabağ problemini özündə əks etdirən iki qətnamənin müzakirəsi və səsverməsi baş tutacaq.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib ki, bu gün, saat 13.00-da plenar iclasda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Onun sözlərinə görə, bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib: “AŞPA təcrübəsində ilk dəfədir ki, komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri aparıldığı geniş şərh olunurdu.

Dünən, sessiyanın ilk günündə isə biz bunun canlı şahidi olduq. Ermənistan bu sessiyaya güclü silahlanaraq, ağır döyüş maşınları ilə gəlmişdir. Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanıb.

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş verilib. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam əhəmiyyətsiz vəziyyətə gətirilərək qəbul edilməsinə nail olmaq istəyirlər.

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” məruzəsinin əleyhinə hazırlanmış strategiya isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməmiş və qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoymuşlar. Bunun üçün onlar 3 pilləli ssenari ilə işləyirlər.

Birincisi, bu məruzəni müxtəlif bəhanələrlə, yenidən baxılması üçün Siyasi Komitəyə qaytarmaq, ikincisi, əgər komitəyə qaytarmaq mümkün olmazsa, məruzəni plenar iclasda bütövlükdə rədd etdirmək, digəri isə əgər rədd olunmasına da nail olunmazsa, məruzənin əleyhinə səs verməklə təsdiq olunmasını əngəlləmək.

Onlar birinci istiqamət üzrə artıq sessiyanın ilk günü işə başlayıblar. AŞPA prosedur qaydalarına zidd olaraq, Azərbaycanın qatı düşməni AŞPA Baş Katibi Voytsex Savitski Büroya təzyiqlər edərək məruzənin Komitəyə qaytarılmasını təklif edib. Lakin bu təklif Büronun dünənki iclasında rədd edilib.

Düşmənlərimiz daha sonra siyasi fraksiyalarda hücuma keçdilər. AŞPA-nın 5 siyasi fraksiyasının ikisində - Sosialistlər və Solçular qruplarında məruzələrin Komitəyə qaytarılması qərara alınıb, digər fraksiyalarda isə Ermənistanın müdafiəsi üçün çoxsaylı cəhdlər olub”.

E.Süleymanov qeyd edib ki, işğal məruzəsinin müəllifi Robert Volter artıq parlamentari kimi AŞPA-da təmsil olunmur: “Bu səbəbdən Ermənistan ilk növbədə məruzənin Siyasi Komitəyə qaytarılması üçün çalışır. Bu halda ermənilər komitədə ermənipərəst bir deputatı məruzəçi seçdirmək istəyirlər ki, bununla da onlar bu məruzənin tamamilə aradan çıxarılmasına, öz işğalçı siyasətlərini ört-basdır etməyə nail olmaq niyyətindədirlər.

Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən AŞPA-ya verilmiş xəbərdarlıq bəyanatı da birbaşa işğalçının maraqlarına xidmət edir. Bununla Minsk Qrupuna həmsədr ölkələrin siyasi hakimiyyətinin Ermənistanın müdafiəsində durduğu açıq-aydın görünür. Bu gün Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb, işğala məruz qalmış Azərbaycana qarşı isə aqresiya və qəzəb hökm sürür”.

Bəxtiyar


Müəllif: