26 Yanvar 2016 12:29
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşfiq Ələsgərli: “Erməni dilində xəbər yayımı üçün həm mütəxəssis, həm də maliyyə lazımdır”

Azərbaycan saytlarının bəziləri iki və daha artıq dildə, bəziləri isə yalnız ana dilində fəaliyyət göstərir. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) materiallarını 7 dildə yayımlayır. “Trend” İnformasiya Agentliyi 6, Musavat.com 2, “Report” 3 dildə fəaliyyət göstərir.

Onu da qeyd edək ki, qonşu və düşmən ölkə olan Ermənistanda saytların bəzilərinin türkcə variantı var. Azərbaycanda isə ermənidilli auditoriyaya müraciət edən analoji sayt yoxdur.

"İnformasiyanın çox insana çatdırılması”

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)-dan verilən məlumata görə, agentlik 7 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində xəbərlər hazırlayır: “2015-ci ildə hazırlanmış 110 min 633 informasiya və 15064 video xəbərin 64472-si Azərbaycan, 7614-ü rus, 27509-u ingilis, alman, fransız, ərəb və Çin dillərində buraxılıb.

Həmçinin 6622 informasiya Azərbaycan dilindən rus dilinə, 4416 xəbər isə rus dilindən Azərbaycan dilinə tərcümə edilib.

AZƏRTAC-ın bu dillərdə xəbər yayımlamasına üstünlük verməsi həmin dillərin daha geniş coğrafi arealı əhatə etməsi, böyük oxucu auditoriyasına malik olması, Azərbaycan barədə informasiyaların mümkün qədər çox insana çatdırılmasıdır”.

AZƏRTAC-dan qeyd edilib ki, Azərbaycan auditoriyası daha çox Azərbaycan dilində xəbərləri oxuyur: “Oxucularımız arasında rusdilli şəxslər də az deyil. Gələcəkdə zərurət olarsa AZƏRTAC digər dillərdə də xəbərlər hazırlaya bilər. Bunun üçün agentliyimiz istər yaradıcı, istərsə də texniki imkanlara malikdir”.

“Hər bir dildə yayılan məlumatın öz oxucusu var”

“Trend”in baş direktor müavini Arzu Nağıyevin sözlərinə görə, təmsil etdiyi qurum beynəlxalq informasiya agentliyi olduğu üçün bir neçə xarici dildə xəbər xidməti göstərir: “Bizdə Azərbaycan, rus, ingilis, ərəb, fars və türk dili xidmətləri var və həmin dillərdə məlumatlar yayırıq. Əsas oxucu auditoriyamız məhz bu dilləri əhatə edir”.

Arzu Nağıyev deyir ki, “Trend” əsasən iqtisadi və siyasi mövzuları oxucuya çatdırır: “Həmçinin dünya kütləvi informasiya vasitələri ilə sıx təmasda olduğumuza görə işimizi beynəlxalq standartlara uyğun qurmağa çalışırıq, mütəmadi olaraq texniki yeniliklərə böyük önəm veririk. Düşünürəm ki, bu dillərlə böyük oxucu auditoriyasını əhatə etmək mümkündür. Təbii ki, təhlillərdən sonra digər dillərdə də yayımlanmaq məsələsinə baxmaq olar”.

Baş direktorunun müavini deyir ki, agentlik öz resursları vasitəsilə bütün dillərdə Ermənistana qarşı təbliğat aparır: “Əsas məqsədimiz tək Ermənistanda yaşayan və ya erməni dilini bilənlər arasında təbliğat aparmaq deyil, bütün dillərdə və beynəlxalq səviyyələrdə təbliğat və əks-təbliğat fəaliyyəti göstərməkdir”.

Arzu Nağıyevin sözlərinə görə, “Trend”in həm kompüter, həm də mobil variantda ilk olaraq rus dilində açılması texniki məsələdir və aradan qaldırılacaq.

Əlavə dil funksiyası qoşmaq naminə...

“Report”un baş redaktoru Murad Əliyev deyir ki, report.az Azərbaycan versiyasında açılır: “Bizim oxucularımızın əsas hissəsi Azərbaycan dillidir. Digər dillərdəki versiya Azərbaycan həqiqətlərinin dünya mediasına çıxarmağı da qarşıya məqsəd qoyub. Bunun üçün MDB ölkələri üçün rus dili, daha geniş, xüsusən Qərb auditoriyası üçün isə ingilis dili versiyası mövcuddur.

Rus və ingilis dilinə tərcümə olunan xəbərlərə də fərqli yanaşma mövcuddur. Agentliyin rus və ingilis versiyasına cavabdeh redaktorlara tapşırılıb ki, onlar əcnəbi oxucunun maraqlarını nəzərə alsınlar, xəbərlərdə prioritetlər fərqlənsin. Şərhçilərimiz tərəfindən beynəlxalq məsələlərlə bağlı hazırlanmış şərhlər, rəylər, analitik materiallar digər iki dilə dərhal tərcümə olunur".

Daha bir neçə dildə yayımın da perspektiv planlara daxil olduğunu deyən baş redaktor hesab edir ki, saytda əlavə dil funksiyası qoşmaq naminə müxtəlif dillər üzrə 1-2 tərcüməçi cəlb etmək düzgün yanaşma deyil: “Fransız, alman, fars dillilər bu gün ingilis dilində olan xəbəri asanlıqla mənimsəyə bilirlər. Yeni dil əlavə etmək həmin dil daşıyıcısı olan müxbirlərin, redaktorların cəlb olunması ilə həyata keçirilməlidir. Müxbir və redaktor, misal üçün, fars dilində çalışırsa, İranda gedən proseslərlə bağlı həmin ölkənin rəsmi şəxsləri, ekspertləri ilə işləməyi bacarmalıdır”.

“Sərhəd dövlətlərin dilində xəbər yaymaq faydalıdır”

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, hər bir media qurumu daha geniş auditoriya qazanmaq arzusu ilə yaşayır və öz məhsulunu xarici dillərdə təqdim etmək onlara bu şansı qazandıra bilər: “Digər tərəfdən, bu, ölkə üçün də maraqlıdır. Azərbaycan həqiqətlərini xarici auditoriyaya olduğu kimi çatdırmaq vacibdir. Bir halda ki, ölkə müharibə şəraitində, düşmənlə üz-üzədir, həmçinin müstəqiliyinin tarixi çox gəncdir, bu məsələyə diqqət yetirmək zəruridir. Dünya arenasında yenicə yer tuturuqsa, onda xarici ölkələrdə təbliğ edilməsinə daha çox ehtiyac var.

Əlbəttə, dövlət bu sahədə öz üzərinə düşən vəzifəni icra edir, amma bu sahədə media, QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının da geniş imkanları var və bu imkanlardan yetərincə faydalanmaq lazımdır. Əslində, internetin inkişafının ən böyük faydalarından biri də budur ki, əlahiddə vəsait sərf etmədən, bütün dünyaya açılmaq, təqdim edilmək mümkündür. Bu baxımdan, Azərbaycan onlayn media resurslarının bir neçə dildə, o cümlədən, sərhəd dövlətlərin dilində xəbər yaymaları faydalı olardı".

Ciddi xərc tələb etmir

Ekspert bildirir ki, bütün qonşu dövlətlərin dillərini əhatə etmək mümkün deyilsə belə, ən azı ümumdünya dillərindən bəzilərində, xüsusən ingilis və ya rus dilində yayım vermək zəruridir.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bu dillər kifayət qədər geniş yayıldığından təqdim edilən informasiyalar, şərhlər, yazılar bütün dünyaya nüfuz edə bilir: “Amma əlbəttə, informasiyaları xarici dillərdən birində təqdim etmək redaksiyaların imkanlarından, maddi durumlarından da asılıdır. Təbii ki, bunu bir tələb, öhdəlik kimi qoymaq olmaz. Bu, həm kommersiya marağı, həm də milli təəssübkeşlik təşəbbüsü kimi də qəbul edilə bilər.

Azərbaycanda bir neçə dildə yayımlanan KİV-lər var və məncə, işləri uğurlu qurulub. Mən həm gündəlik fəaliyyətimlə bağlı müşahidə aparıram, həm də bir neçə kampaniyalar dövründə şəxsən izləmişəm, şahidiyəm ki, xarici dillərdə yayımlanan Azərbaycan KİV-ləri tanınırlar, materiallarına istinad olunur. Düzdür bəzən, onların adları çəkilmir, amma yaydıqları xəbərlərə istinad edildiyi, reaksiya verildiyi inkaredilməz faktdır.

Nəzərə almaq lazımdır ki, hazırkı vəziyyətdə bu, ciddi bir xərc də istəmir. Çünki yayım internet üzərindən gerçəkləşdirildiyi üçün xərcsizdir. Yetər ki, hazır materiallar tərcümə edilib digər dillərdə təqdim edilsin".

“Bu dili bilənlər azdır”

Müşfiq Ələsgərlinin fikrincə, erməni dilində xəbər yayımı üçün həm mütəxəssis, həm də maliyyə lazımdır: “Bu dili bilənlərin sayı bizdə azdır. Ermənilər həm uzun müddət Azərbaycanda yaşadıqları, həm də Türkiyənin gücünə görə türk-Azərbaycan dilini bilirlər. Amma etiraf etməliyik ki, ermənilər bu işi həm də çox ciddi qura biliblər, yəni düşmənçiliyə uzun müddət, tarix boyu hazırlaşdıqları üçün bu sahədə səriştəlidirlər”.

İlhamə Əbülfət


Müəllif: