26 Yanvar 2016 18:05
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səftər Mehdiyev: “Tədbir gömrük işi sahəsində biliklərin daha da möhkəmləndririlməsinə öz faydasını verəcək”

Yanvarın 26-dan etibarən Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminar işə başlayıb.

Tədbirin açılışında çıxış edən Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Roger Herman rəhbərlik etdiyin ofisin fəaliyyəti barədə qısa məlumat verib və seminarın əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iştirakçıları salamlayaraq tədbirin “Beynəlxalq gömrük günü”nə təsadüf etməsinin xoş bir hal olduğunu qeyd edib. Səfər Mehdiyev Ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin elmə, təhsilə verdikləri önəmdən bəhs edərək Azərbaycan gömrüyünün də gömrük işinin təşkili sahəsində elmi biliklərin tətbiqi ilə bağlı mühüm addımlar atdığını vurğulayıb.

Səfər Mehdiyev Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini və şəbəkənin Bakıdakı Regional Ofisinin təşkilatçılığı ilə keçirilən bu tədbirə Azərbaycanın aparıcı təhsil ocaqlarının cəlb olunmasının gömrük işi sahəsində biliklərin daha da möhkəmləndirilməsinə öz faydasını verəcəyini bildirib.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski seminar iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Seminarın önəmindən bəhs edən Mixail Kaşubski bu tədbirin birinci olmaqla yanaşı, davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.

Seminarın ilk iş günü“Beynəlxalq ticarət sövdələşmələrində risklər” və “Beynəlxalq ticarət sövdələşmələrində sənədlərin nəzərdən keçirilməsi” mövzusunda məruzələr dinlənilib, eləcə də Rusiya Federasiyasının Menecment üzrə Şimal-Qərb Universitetinin tələbələri tərəfindən “Tələbə Gömrük Xəbərləri” elektron jurnalının təqdimatı keçirilib.

Üç gün davam edəcək seminarın növbəti günlərində isə “Beynəlxalq hüquq çərçivəsinin nəzərdən keçirilməsi”, “Ekspeditor və qiymətləndirmənin rolu”, “Satış üzrə beynəlxalq müqavilələr”, “Beynəlxalq ticarət şərtləri - INKOTERMS 2000 & INKOTERMS 2010”, “Dəniz yolu ilə malların daşınması”, “Hava və çoxmodallı nəqliyyatla malların daşınması”, “Beynəlxalq ödəmələr”və “Mübahisələrin həlli” mövzusunda məruzələr dinləniləcək.

Xatırladaq ki, seminar yanvarın 28-dək davam edəcək.

Seminar çərçivəsində Səftər Mehdiyev jurnalistlərin suallarını da cavablandırıb. O, bildirib ki, son vaxtlar Azərbaycanın bütün gömrük-keçid məntəqələrində xarici ticarətin asanlaşdırılması və ticarət dövriyyəsinin sürətləndirilməsi ilə bağlı ciddi işlər aparılıb.

Səftər Mehdiyevin sözlərinə görə, əvvəllər “bir pəncərə” prinsipi tətbiq olunmadan öncə nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrindən 45 dəqiqə - 1 saat ərzində keçirdisə, artıq bu prosedur 10-15 dəqiqəyə həyata keçirilir: “Gömrük orqanlarında müvafiq sənədləşdirmə işləri yubanırsa, bu, bəzi iş adamlarının sənədlərindəki çatışmazlıqlardan irəli gəlir. Əgər gömrük nəzarətinin həyata keçirilməsi və gömrük rüsumunun toplanması üçün tələb olunan sənədlər vaxtında gömrük orqanlarının əməkdaşlarına təqdim olunarsa, yüklərin tez bir zamanda buraxılması və rəsmiləşdirilməsi həyata keçiriləcək”.

Naibə QURBANOVA


Müəllif: