29 Yanvar 2016 17:06
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İştirakçılar Romada Nizami Gəncəvinin abidəsini ziyarət ediblər

Romada keçirilən IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü dünən başa çatıb.

“Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunan tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə bir neçə dövlətin indiki və sabiq prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla bir çox nüfuzlu siyasi liderlər iştirak edib.

Tədbirin ikinci günündə “Qarşılıqlı bağlılıq və mənəviyyat üçün qlobal axtarış. Cəmiyyət nə axtarır və dövlətin rolu nədir?”, “Balans: Gənclərin radikalizmin və ekstremizmin yayılmasında rolu”, “Biz vahidik: Bütün dinlərin liderlərinin dünyada sülhü bərqərar etmək istiqamətində bəyanatları” mövzularında panel iclaslar keçirilib. İclasda İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Maltanın kansleri Albrext Freyher Fon Beselager,Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, Moldovanın sabiq prezidenti Petru Luçinski, “COREİS” təşkilatının rəhbəri Yahya Pallavisini, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdzija çıxış edib.

Qarşılıqlı bağlılığın dini etiqada olan ehtiyaca təsiri, bu anlayışın dini icmaların birləşməsinə, həmrəy hərəkət etməsinə imkan yaratması, hökumətlərin bu cür cəhdləri dəstəkləməsi və yaxud qarşısını alması kimi məsələlər müzakirə olunub. Eyni zamanda, dünyaya müsbət mesajların çatdırılmasında yeni texnologiyaların və sosial medianın istifadəsi, qadınların dünyada tolerantlığın daha geniş yayılması və sülhün bərqərar olunması istiqamətində dinlərarası dialoqa cəlb edilməsinin vacibliyi, hökumətlərin gənclər arasında ekstremizmin və radikalizmin yayılmasının qarşısının alınması istiqamətində səyləri diqqət mərkəzində olub.

Daha sonra tədbir iştirakçıları Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, yüksək səviyyəli hazırlıq görüşü martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyıb.

Səxavət


Müəllif: