1 Fevral 2016 17:51
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

289 milyon kubmetr su satılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

“Azərsu”-dan Teleqraf.com-a verilən məlumata görə, ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2015-ci ildə qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib. İçməli su təchizatı və kanalizasiya sektorunda da mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb: “Dövlət başçısı əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də ölkənin 29 şəhər və rayon mərkəzində, kəndlərdə layihələr icra edilib. Görülmüş tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilb. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib”.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq regionlarda yeni layihələr həyata keçirilib. 2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb: “Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilmişdir. Ötən il Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb”.

Hesabat dövründə 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkilmiş, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılmış, 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb.

İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4 faiz artaraq 93,6 faizə yüksəlmiş, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.

Təlim-Tədris Mərkəzinin, Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyasının fəaliyyətə başlaması, Mərkəzi Laboratoriyanın akkreditasiya sertifikatı alması ilin əlamətdar hadisələri kimi qeyd olunub. Ötən il “Azərsu” ASC Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq sazişləri imzalayıb. 2015-ci ildə Koreyada keçirilmiş VII Dünya Su Forumunda “Azərsu” ASC nümayəndə heyətinin iştirakı və Dünya Su Şurası İdarə Heyətinə üzvlük beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar olub.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2016-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.

“Azərsu” ASC-nin sədri idarə müəssisələrin təsərrüfat-maliyyə göstəriciləri barədə ümumi məlumat verib, ayrı-ayrı sahələr üzrə irəliləyişlərə və nöqsanlara toxunub. İclasda fəaliyyətində nöqsanlara yol vermiş idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib, enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, əmək məhsuldarlığının və təşəbbüskarlığın artırılması ilə bağlı göstərişlər verilib.

Qeyd olunub ki, 2016-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar “Azərsu” ASC üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq.

SEVİL


Müəllif:

Oxşar xəbərlər