2 Fevral 2016 17:39
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-də Dövlət Gömrük Komitəsinin sədri (DGK), gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Aydın Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıqdan, bu təşkilatın keçirdiyi treninqlərdə Azərbaycan Gömrük Xidməti əməkdaşlarının iştirakından məmnun olduğunu deyib, əlaqələrin gələcək perspektivlərindən danışıb.

DGK sədri eyni zamanda 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsinin uğurla davam etdiyini xatırladıb. O, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Aydın Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Qəbula görə Aydın Əliyevə təşəkkürünü bildirən Asiya və Sakit okean üzrə BMT İqtisadi Komissiyasının icraçı katibi Şamşad Axtar Azərbaycana səfərindən məmnun olduğunu deyib. O, rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, eləcə də Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər