Bu gün bir sıra partiyaların iştirakı ilə mətbuat konfransı keçirilib.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan hər zaman sülh çağırışı edib, terrora yox deyib: "Lakin hər zaman ölkəmiz Ermənistan tərəfindən terrora məruz qalıb".
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, hələ Minsk qrupu yaradılarkən partiya onun əleyhinə çıxıb: "Uzun illərdir Minsk qrupunun fəaliyyətinin nəticəsi yoxdur. Ona görə də münaqişənin həlli məsələsi yenidən BMT-yə qaytarılmalıdır. Minsk qrupunda təmsil olunan dövlətlər erməniləri dəstəkləyir. Bu üzdən münaqişənin həlli baş tutmur. Minsk qrupumdan imtina etmək, müharibəyə hazırlaşmaq lazımdır. Ordumuzun güclənməsi istiqamətində işlər həyata keçirilir. Biz torpaqlarımızı müharibə yolu ilə azad etməliyik".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, zaman bizim xeyrimizə işləyir və müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Onun sözlərinə görə, Qarabağ məsələsində əsas rolu Rusiya oynayır və onun da bu gün tənəzzülü baş verir: "Buna baxmayarq, başqa dövlətlərin təhriki ilə Rusiyaya arxa çevirməməliyik. Lakin müharibəyə hazırlığımızı da davam etdirməliyik".
Vəhdət Partiyasının sədri Tahir Kərimli əlavə edib ki, torpaqların işğaldan azad olunması Azərbaycan xalqının konstitusion haqqıdır: "Qarabağ məsələsinə hər zaman ikili standartlarla yanaşılır, həmsədr dövlətlər faktiki olaraq heç nə etmir və etməyib. Bizim müsəlman olmağımız və günbəgün inkişaf etməyimizi bir sıra dövlətlər həzm edə bilmir"
Bəxtiyar