4 Fevral 2016 15:51
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır. Şahin Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Komissiyanın bu ilin martında keçiriləcək 7-ci iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir.

Görüşdə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Şahin Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu vurğulayıb.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər