Rusiya Dövlət Duması 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsi barədə müraciət hazırlayıb.
Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.
“Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünə qoşulublar. Müraciətdə qeyd edilib ki, Cənubi Qafqaz respublikalarından ikisi - Gürcüstan və Ermənistan razılaşmanın tələblərini ədalətsiz hesab etdikləri üçün bu sənədi tanımır: “Ermənistan Moskva razılaşmasının icrasını nəzərdə tutan Qars razılaşmasını tanımır, Gürcüstanın Ali Şurası da onu 2005-ci ildə ləğv edib”.
Müraciətin müəllifləri - Valeri Raşkin və Sergey Obuxovdur. Deputatların fikrincə, Moskva müqaviləsi Rusiyanın maraqlarına ziddir.
Qeyd edək ki, Moskva müqaviləsi16 maddə və 3 əlavədən ibarətdir. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici işlər üzrə vəkili Yusuf Kamal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad Paşa imzalayıblar.
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.