9 Fevral 2016 14:59
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda su kanalında batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, fevralın 8-i gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib. Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, fevralın 8-də gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri "Toyota Prado" markalı avtomobil su kanalına düşüb.

Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

İlhamə


Müəllif:

Oxşar xəbərlər