Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-Prisini işıqlandırmaq istəyən KİV nümayəndələrinin akkreditasiya qaydaları məlum olub.
Bu haqda jurnalistlərə yarışın milli mətbuat katibi Nigar Arpadarai məlumat verib.
Onun sözlərinə görə, akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, Bakı Şəhər Halqasının (BŞH) rəsmi internet saytında (bakucitycircuit.com) həyata keçiriləcək.
Müraciət edən KİV çap mətbuatdırsa, ictimai satışda olmalıdır. Müraciət edən gündəlik və həftəlik KİV-lərin tirajına baxılacaq. Qapalı dövriyyədə olan əlavə mətbuat orqanlarına bir qayda olaraq akkreditasiya verilmir. Lakin tiraj və oxunma reytinqi yüksək olan qəzet və jurnallar istisna təşkil edir. Hər hansı reklam agentliyi, sponsor, ictimai xadim, kommersiya nümayəndəsi heç bir halda media olaraq akkreditasiyadan keçə bilməz. Daimi akkreditasiya yalnız “Formula-1” mövsümünün bütün yarışlarını, yarış hesabatı da daxil olmaqla mütəmadi işıqlandıran jurnalistlər üçün nəzərdə tutulub. Hər hansı bir mətbuat orqanı üçün bir qayda olaraq 1 nəfər jurnalist və 1 nəfər fotoqraf akkreditasiya oluna bilər”.
Nigar Arpadarai elektron KİV-lərin akkreditasiya qaydaları haqqında da danışıb. Bildirib ki, Akkreditasiya vəsiqəsi almaq üçün elektron KİV peşəkar səviyyəli vebsayt, müraciət edən şəxs isə saytın idman jurnalisti olmalıdır: “KİV idman vebsaytı və ya F1 dünya çempionatına aid xüsusi bölməsi olan ümumi xəbər saytı olmalıdır. Saytın gündəlik ziyarətçi sayı göstərilməlidir. Akkreditasiya üçün müraciət edən jurnalistlər, vebsaytlar əsasən, həmin yarışla bağlı silsilə məqalələr və həftədə 5 dəfə olaraq yazılar dərc etməlidir. Akkreditasiya üçün tələb olunan 4 sənəd “scan” olunaraq elektron şəkildə təqdim edilməlidir. Bunlar rəsmi blank kağızında tərtib olunmuş və yalnız baş redaktor tərəfindən imzalanmış müraciət məktubudur ki, bu məktubda qurumun baş redaktoru jurnalistin hər hansı formada FİA akkreditasiyasına müraciət etməyəcəyinə və yarışla bağlı məqalələrin dərcinə dair öhdəlik götürür. Bundan başqa, jurnalist-fotoqraf vəsiqəsi, ağ fonda pasport ölçülü (3x4) peşəkar fotoşəkil və akkreditasiya müraciət gününədək nəşr olunmuş və ya onlayn məqalənin “scan” və ya “screenshot” forması təqdim edilməlidir. Jurnalistin akkreditasiya müraciətinə müsbət cavab verildiyi halda onun e-mail ünvanına təsdiq cavabı ilə yanaşı, müqavilə forması göndəriləcək. Bu müqavilə forması çap olunub imzalanaraq, akkreditasiya kartını təhvil alarkən akkreditasiya mərkəzinə təqdim edilməlidir. Çap olunmuş təsdiq e-mail və imzalanmış müqavilə təqdim olunmadığı halda akkreditasiya verilməyəcək”.
Mətbuat katibinin sözlərinə görə, televiziya, radio və kommersiya tipli foto agentliklərin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən verilən ənənəvi media akkreditasiya növü hesab olunmur: “Televiziya, radio və kommersiya məqsədli fotoqraflar F1-in kommersiya hüquqlarına nəzarət edən qurum kimi “Formula One Management” şirkətinə (FOM) birbaşa müraciət etməlidir”.
İLHAMƏ