Bu gün Bakı şəhəri Qaradağ rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq mühafizə orqanlarının nümayəndələri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aktual və çox ciddi mövzuya həsr olunmuş konfransın əhəmiyyətindən danışaraq, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən S.Mikayılov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı mövzu ilə bağlı çıxış edərək, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında Azərbaycançılıq ideologiyasının dayandığını bildirib. O, ulu öndər Heydər Əliyev tərəfindən praktik olaraq dövlət siyasəti kimi tətbiq edilən Azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin də yer aldığını vurğulayıb. Ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu deyən komitə sədri xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib.
M.Qurbanlı onu da vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Komitə sədrinin sözlərinə görə, məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, hətta bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər.
M.Qurbanlı deyib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Bu, bizim nailiyyətimizdir ki, Azərbaycan xalqı digər millətlərlə, xalqlarla düşmənçilik hissi ilə yaşamır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan sədr qeyd edib ki, bununla bütün dünyaya Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir olan bir xalq olduğunu bir daha nümayiş edəcəyik.
Daha sonra konfrans işini rayon gənclərinin iştirakı ilə panel formatında davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik”, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Multikultural cəmiyyətdə gənclərin yeri və rolu”, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov “Azərbaycanda multikultural mühit və ona qarşı təhdidlər” mövzularında çıxış ediblər.
BƏXTİYAR