Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli 106-VQD nömrəli qanunun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 20.0.17-ci, 20.0.18-ci və 20.0.19-cu maddələr əlavə edilir:
“20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;
20.0.18. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;
20.0.19. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə.”.