“İctimai nəzarət haqqında” yeni qanun layihəsi vacib bir sənəddir”.
Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, sənəd hazırkı vəziyyətdə tam reallığı əks etdirir. Onun sözlərinə görə, qanun layihəsinin əsas məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məsul şəxslərin vəzifə və funksiyalarının müəyyənləşdirilməsi, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsidir: “Ölkə başçısı İlham Əliyevin irəli sürdüyü əsas tezislərdən biri də ictimai nəzarətin təşkil olunması və gücləndirilməsidir. Qanun layihəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti müvafiq orqan tərəfindən əlaqələndiriləcək. Müvafiq orqanın səlahiyyətlərinə Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsində ictimai nəzarət subyektinə metodoloji, təşkilati və texniki dəstək, eyni zamanda ictimai şuralar tərəfindən aparılan ictimai nəzarətin icrasının monitorinqi daxildir”.
Səxavət