Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib:
"Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir.
Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilmişdir. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə, mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq.
Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq".