Dələduzluqda təqsirləndirilərək həbs olunan aparıcı İlham Mirzəyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib.
Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.
Vəkil bildirib ki, o İ.Mirzəyevin müalicə müəssisəsinə köçürülməsi barədə məsələ qaldırandan sonra aparıcı həkim nəzarətinə götürülüb: "İlham Mirzəyevi müayinə ediblər. Bir-neçə gün öncə həkim briqadası İlham Mirzəyevi yenidən müayinə edərək müalicə müəssisəsinə köçürmək istədilər. Lakin İlham Mirzəyev buna razılıq vermədi. Bildirdi ki, həkimlərin müayinə və müalicəsindən sonra özünü normal hiss edir və mualicə müəssisəsinə köçürülmək istəmir".
T.Abdiyev deyib ki, İ.Mirzəyev hazırda həkim nəzarətində saxlanılır və səhhətində ciddi problem olarsa, müalicə müəssisəsinə köçürülə bilər.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.
Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.