2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2013-cüilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Sistemin yaradılmasına məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır.
Hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.
Elektron turist vizası Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir.
Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, email və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsi ilə elektron turist vizasını əldə edə bilirlər.
Qeyd etmək istəyirik ki, elektron turist vizası pasporta yapışdırılmır.
İLHAMƏ