24 Fevral 2016 15:53
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub.

81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri isə satılmalı, əldə olunan gəlir hesabına zərərçəkmişlərə dəyən ziyan ödənilməlidir.

Xatırladaq ki, bir müddət əvvəl İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzanın qalan hissəsini məntəqə tipli müəssisədə çəkməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib. İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib.

Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib, o, dərhal həbsdən azad edilib. Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv ediblər. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə material apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə bu yaxınlarda Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən azadlığa çıxıb.

İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstə ilə birgə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib. Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin zərəri ödənmədən dələduzun azadlığa buraxılmasına qanun yol vermir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Yevda Abramov: “Mən iqtidarın deputatı olsam da, tənqidə meylli adamam. Əgər bir işdə hüquqi baxımdan cinayət varsa, bunun üstünün açılmasına məsul olan şəxslər də var. Tutalım, “Texnikabank”ın Bakı filialı məsələsində zərərçəkmiş 81 vətəndaş bizə müraciət etməzsə, o zaman parlamentin komitəsi bu məsələyə qarışa bilməz. Əgər iş istintaqdadırsa, hüquqi baxımdan biz bu məsələyə heç münasibət bildirə bilmərik. İstintaqı müvafiq qurum aparır.

Daha bir məqamı qeyd edim. Vətəndaşa ziyan dəydiyi sübuta yetirilməlidir. Vətəndaş özü-özünün müdafiəsinə qalxmağı da bacarmalıdır”.

Deputat daha sonra əlavə edib ki, son vaxtlar Azərbaycanda bir sıra banklar böhrana görə bağlanır: “Yeni banklar açılır, bəziləri isə birləşdirilir. Çünki bəzi bankların pul-kredit siyasətində müəyyən naqisliklər və nöqsanlar olur.

Mən eşitmişəm və bilirəm ki, “Texnikabank”da müəyyən maliyyə pozuntuları olub. Son 5 ildəki fəaliyyətindən də görünür ki, “Texnikabank” stabil bank deyil, burada tez-tez rəhbər dəyişikliyi baş verir. Gah bank rəhbəri çıxarılır, onun yerinə yenisi təyin olunur, gah da köhnə rəhbər yenidən bankın başına gətirilir.

Ona görə hesab edirəm ki, əgər “Texnikabank”ın Bakı filialının sabiq müdiri Zal Yusifov və oğlu İslam Yusifov tərəfindən vətəndaşların pullarının mənimsənilməsi faktı sübut edilibsə, o zaman həmin şəxslər mütləq cəzalarını çəkməlidir. Əgər Zal Yusifovun oğlu şərti azadlığa çıxmaq yolu ilə vətəndaşlardan qaçıb gizlənməyə çalışırsa, bu, yaxşı hal deyil. Biz aldadılaraq hüquqları pozulan onlarla vətəndaşlarımızı düşünməliyik. Onların pulları mütləq qaytarılmalıdır. Əks halda bu, mənfi tendensiyanın güclənməsinə səbəb olar və vətəndaşların banklara olan inamını sarsıdar. Bununla da Azərbaycanda banklar etibarsız maliyyə institutuna çevrilər. Bu inamın qaytarılması üçün ilk növbədə vətəndaşların pozulmuş hüquqları bərpa olunmalı, pulları geri qaytarılmalıdır. Cəmiyyət üçün banklar sağlam və inamlı ünvan olmalıdır, banklar insanları aldatmamalıdır”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər