24 Fevral 2016 16:26
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olub.

Teleqraf.com-un məlumatına görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bölmənin inzibati binasının açılışını bildirən qırmızı lenti kəsib. Tədbirdə, həmçinin, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov iştirak edib. Məlumat verilib ki, 30 nəfər şəxsi heyətin çalışacağı bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmə ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var. Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.

Nazir müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq istifadəyə verilir. O, vurğulayıb ki, bölmənin istifadəyə verilməsi ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər