26 Fevral 2016 09:37
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycan­lılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılıb.

Teleqraf.com DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, DSX-nın Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsini əks etdirən sərginin materialları ilə tanış olub. Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım barədə ətraflı məlumat verib, faciənin səbəb və nəticələri haqqında danışıblar.

Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Xocalı faciəsi xarici ölkələrdə də geniş şəkildə anılır.

Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticə­sində Xocalı soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilib.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.


Müəllif:

Oxşar xəbərlər