Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsinin ikinci cümləsində “10 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilir.
Sərəncamda bildirilir ki, elektron vizanın alınması üçün lazım olan sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada ən geci 10 gün (yeni sərəncamla 5 gün-red.) keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Vizadan imtina edildikdə bu barədə əsaslandırılmış məlumat verilir".
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2013-cü ilin 15 mart tarixindən viza tələb olunan ölkələrdən Azərbaycana turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir: “Sistemin yaradılmasında məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı turpaketin qiymətinin azalması və ölkəmizə turist axınının artırılmasıdır. Hazırda müvafiq qanunvericiliyə əsasən, elektron turist vizası ən geci 10 gün ərzində verilir. Bu müddətin 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür”.
Qeyd edək ki, elektron turist vizası Mədəniyyət və Turizm Nazirliyinin akkreditasiyasından keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb-səhifələrində yerləşdirilir.
Qeyd edək ki, 2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 minə çatıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar bütün kriteriyaları özündə cəmləşdirir: “Həmçinin fəaliyyətinə verilən xüsusi razılıq-lisenziya əsasında 1 ildən az olmayaraq fəaliyyət göstərən hər bir turizm şirkəti elektron viza hüququndan yararlana bilər. Bunun üçün müvafiq ərizə forması doldurulmalı, nazirliyə müraciət edilməlidir. İlkin mərhələdə ötən il 65 turizm şirkətlərinin nazirliyə müraciət eləməsi tələb olundu. Çünki onların bu sahədə müəyyən təcrübəsi vardı”.
Vüqar Şixəmmədov deyir ki, ərizədə verilən lisenziyanın nömrəsi, vaxtı, digər müddəalar əksini tapır: “Bundan sonra sənədə nazirlik tərəfindən baxılır və aidiyyəti üzrə akkreditasiyadan keçirilir. Akkreditasiyadan keçən şirkətlər hesabat formasına uyğun olaraq hər rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları nazirliyə təqdim etməlidir.
Tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə e-mail vasitəsilə elektron turist vizasını əldə etmək mümkündür. Bu isə hər bir turistə qısa müddətdə, rahat və ucuz şəkildə heç bir diplomatik nümayəndəliyə baş vurmadan Azərbaycana səfər etmək imkanı qazandırır.
Elektron viza hüququ Azərbaycanda genişmiqyaslı tədbirlərin, yeni infastruktur layihələrin həyata keçirildiyi nəzərə alınaraq, ölkəyə gələn turistlərin artımına mühüm təkan olacaq. Elektron turist vizası pasporta yapışdırılmır".
Nazirlik rəsmisi qeyd edib ki, bu günlərdə Rusiyada “Rusiya və MDB ölkələrində qış turizmi: inkişafın perspektivləri” adlı dəyirmi masa keçirilib. Bildirilib ki, Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə səfər edən turistlərin 30 faizdən çoxunu təşkil edir: “Azərbaycanda son 5 ildə qış turizmi yeni turizm məhsulu kimi yaradılıb və inkişaf edib. Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-Yay Turizm Kompleksi ölkədə qış turizminin inkişaf göstəricisidir”.
O bildirib ki, gələcəkdə dünyada mövcud olan səhər yeməyi brendləri sırasına “Azərbaycan Breakfast” adlı brendin də qoşulması nəzərdə tutulur: “Azərbaycan Breakfast” brendi Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir və bu layihənin yaradılmasında məqsədi ölkəmizə gələn turistlərə Azərbaycan mətbəxinin özəlliklərini göstərməkdir".
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılması ilk növbədə Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb ola bilər: “Azərbaycanda keçirilən biznes turlara, konqreslərə, beynəlxalq tədbirlərə ilk növbədə Avropa ölkələrindən iştirakçı gəlir. Azərbaycan İpək Yolunun strateji nöqtəsində yerləşdiyindən, eyni zamanda Fars körfəzi ölkələri, Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunduğundan, həmin ölkələrdən də Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilə bilər”.
Qeyd edək ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya, İran və Gürcüstan şirkətlərinin Azərbaycana turist axınının çoxaldılmasına ciddi maraq göstərdiyini bildirib: “Bu il müddətində xaricdən, xüsusilə qonşu ölkələrdən gələcək turistlərin sayının çoxalması gözlənilir”.
Ekspert deyir ki, elektron vizaların 10 gündən 5 günədək verilməsi müsbət haldır: “Bildiyiniz kimi, bunun üçün artıq dövlət tərəfindən bütün şərait yaradılıb. Turizm fəaliyyəti üzrə sahibkarlıqla məşğul olmaq üçün lisenziya tələb edilmir, vizaların verilmə müddəti azaldılıb, infrastruktur yaxşılaşdırılıb. Düşünürəm ki, turizm şirkətləri indiyədək tənbəllik ediblər. Onlar getmə turizmlə məşğul idilər, çünki bu, asan başa gəlirdi. Ancaq indi düşünüb, menecmentliyi düzgün qurmaq lazımdır”.
İlhamə Əbülfət