Siyavuş Novruzov: “Hesabat verilmirsə, deməli, qaranlıq mənbədən maliyyələşir”
“Əgər hər hansı partiya öz gəlirləri haqqında ictimaiyyəti məlumatlandırmırsa, deməli, şəffaflıqdan uzaqdır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov maliyyə hesabatını təqdim etməyən partiyalar haqqında danışarkən deyib.
Onun sözlərinə görə, şəffaflığın təmin olunması üçün hər bir siyasi partiya öz gəlirləri haqqında ictimaiyyəti məlumatlandırmalıdır: “İstər dövlət büdcəsindən maliyyə alan təşkilatlar, istərsə də ianələr və üzvlük haqları ilə maliyyələşən təşkilatlar öz gəlirlərini açıqlamalıdır. Əgər bunu kimsə etmirsə, onda belə çıxır ki, hansısa qaranlıq mənbələrdən maliyyələşdiyinə görə öz mənbələrini açıqlamır”.
Siyavuş Novruzov bildirib ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanır. Deputatın fikrincə, maliyyə hesabatı verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir: “Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” Qanuna bir neçə ciddi əlavə və dəyişikliklər edəcəyik. Hesabatlılıq şəffaflığın bir nümunəsidir. Hər hansı bir partiya gecə-gündüz mətbuatda şəffaflıqdan, düzgünlükdən danışırsa, lakin özü hesabat vermirsə və yaxud hesabat əvəzinə bir ağ kağız göndərirsə, bunlara qarşı tədbirlər görülməlidir. Deyirlər ki, nə gəlirimiz var, nə də çıxarımız. Amma partiyanın ofisində onlarla insan çalışır, partiya sədrləri bahalı avtomobillərdə gəzir, ətraflarında cangüdənləri var, mətbuat orqanları saxlayırlar. Hətta bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bütün bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik edilməli, məsələlərin hüquqi bazasını konkretləşdirilməlidir. Dünya təcrübəsində də belədir ki, partiya yaranandan sonra iki il ərzində heç bir siyasi prosesdə iştirak etmirsə, o, avtomatik olaraq bağlanır”.
S.Novruzov hakim partiyanın təqdim etdiyi maliyyə hesabatlarına da toxunub: “Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz maliyyə hesabatını mətbuat vasitəsilə ictimaiyyətə çatdırır. Bu baxımdan digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidir. Əks təqdirdə, bəlli olur ki, bu vəsaitin böyük hissəsi bu və ya digər təşkilatlar tərəfindən, o cümlədən erməni lobbisi, xarici kəşfiyyat orqanları tərəfindən verilir. Belə olan halda pulu kim verirsə, musiqini də o sifariş edir. Həmin dairələr də müxtəlif tapşırıqlar verir ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozulsun, qarşıdurma yaradılsın, dövlət əleyhinə böhtan xarakterli materiallar hazırlansın, ayrı-ayrı beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə sənədlər göndərilsin”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Nərgiz