1 Mart 2016 23:33
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Abbasbəyli: “Həmvətənlərimiz heç vaxt belə müraciət etməyəcəklər”

Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “məhkəmə”nin “hökmü” ilə ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov əfv üçün müraciət hüququndan istifadə etməyib.

Bu barədə Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Məsələyə münasibət bildirən Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əhməd Abbasbəyli girovların məhkum olunmasını insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, hər iki azərbaycanlı cinayət törətməyib, sadəcə Kəlbəcərə gedərək öz dədə-baba yurdlarını, yaxınlarının məzarlarını ziyarət ediblər: “Xüsusilə, onlar Azərbaycan ərazisində hərəkət ediblər. Erməni tərəfi bundan bir şou düzəldərək dünya ictimaiyyətini aldatmağa cəhd edir. Ermənilərin Dilqəm Əsgərovun əfvlə bağlı müraciət etməsini iddia etmələrinin əsas mahiyyəti isə odur ki, guya onlara qarşı qaldırılan ittihamı qəbul edir və qondarma rejimdən bağışlanmalarını istəyirlər. Girov götürülən hər iki şəxs azad edilməlidir, erməni tərəfinin heç bir haqqı yoxdur ki, Dilqəmlə Şahbazı əfv eləsin.

Hər iki azərbaycanlının üzərindən qondarma ittihamlar qaldırılmalı və Azərbaycana qaytarılmalıdır. Biz bu məsələdə hər zaman haqlıyıq, lakin ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini bir daha sübut etmiş olurlar. Ermənilər belə bir bəyanat verməklə, hər iki azərbaycanlının guya günahkar olmasının sübut etməyə cəhd edirlər. Bildiyim qədər, əfv olunmaq üçün girovluqda olan həmvətənlərimiz heç vaxt belə müraciət etməyəcək”.

Ə.Abbasbəyli əlavə edib ki, erməni girovluğunda olan Dilqəmlə Şahbazın geri qaytarılması üçün beynəlxalq hüquq normalarına əsasən hərəkət edilməlidir: “Həmçinin çalışmaq lazımdır ki, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəldək. Bu sırada beynəlxalq insan hüquqları təşkilatlarına müraciətlər edilməlidir. Eyni zamanda Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətinə çatdırılmalıdır ki, əslində ermənilər mülki şəxsləri hərbi cinayətkar kimi təqdim edib, onları cəzalandırmaq istəyirlər.

Hər kəs şahiddir ki, erməni mülki şəxsləri Azərbaycana keçiblər, lakin ölkəmiz onları heç bir qeyd-şərtsiz geri qaytarıb. Dilqəmlə Şahbaza erməni tərəfinin münasibəti ilə Azərbaycanın erməni mülki şəxslərinə göstərdiyi münasibət göz qabağındadır. Məhz bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfiliktoloq Əvəz Həsənov bildirib ki, azərbaycanlı girovların qondarma rejimə müraciət etmək məsələsini ermənilər əsas şərt kimi irəli sürürdü: “Yəni onlar “məhkəmə” tərəfindən mühakimə edildikləri üçün əfv üçün müraciət etməli idilər. Təbii ki, bizim anlamımızda onlar girovdurlar. Onlar beynəlxalq vəkillə təmin olunmalı idilər. Bütün məsələlər də həmin vəkil vasitəsilə öz həllinin tapa bilərdi. Kəlbəcərli girovlara erməni tərəfinin təyin etdiyi vəkil məsələsi bir oyun idi və o qədər də inandırıcı deyildi. Eyni zamanda hökumət Rusiya vasitəsilə də onların azadlığı məsələsini də gündəmə gətirə bilər”.
Ə.Həsənov deyib ki, Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan tərəfinin təqdim etdiyi iddia qəbul edilib:

“Lakin bu iddiaya tələsik şəkildə, yəni 6 ay ərzində baxılması məsələsi öz həllini tapmadı. Yəni bu iddia məhkəmə tərəfindən prioritet hesab olunmadığı üçün təcili məsələ kimi qəbul edilmədi. Bu müraciətə uzun müddətə baxıla bilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər