12 İyun 2014 14:40
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulda baş verənlər Türkiyəni ayağa qaldırdı

Mosulda baş verənlər, “İraq və Şam İslam Dövləti” qruplaşmasının İraqın şimalına doğru irəliləməsi Türkiyədə heç də sakit qarşılanmayıb. Xüsusən, İraqda çalışan çoxsaylı türk vətəndaşının, konsulluq əməkdaşlarının girov götürülməsi, türkmən mənşəli əhalinin ciddi təhdidlərə məruz qalması ictimai narazılığa, dövlət, hökumət dairələrinin, eləcə də siyasi partiyaların problemin həlli ilə bağlı hərəkətə keçməsinə səbəb olub.

Teleqraf.com-un Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, bu gün Türkiyə Böyük Millət Məclisinin İraqda baş verənlərlə əlaqədar fövqəladə toplantısının keçirilməsi planlaşdırılırdı. Son məlumatlara görə, Mosuldakı hadisələrin inkişafı və aparılan məsləhətləşmələrlə əlaqədar müvafiq toplantı hələlik təxirə salınıb.

AKP-nin təmsilçisi Nurəddin Canıklı iclası ləğv etmədiklərini, sadəcə, təxirə saldıqlarını açıqlayıb:

"Əvvəlcə siyasi partiya rəhbərləri məsələ ilə əlaqədar məlumatlandırılacaq. Xarici işlər nazirimiz görüşmələri edəcək. Ümumi görüşmə irəli bir tarixdə edilə bilər. Amma zamanı müəyyən deyil. Bu, baş verənlərə, hadisələrin sonrakı inkişafına görə qiymətləndiriləcək".

Nail Cəlil


Müəllif: