2 Mart 2016 16:53
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli sosial şəbəkələrdə Azərbaycanın ev sahibliyi edəcəyi Formula 1 yarışı ilə əlaqədar aparılan tikinti işləri zamanı tarixi daş küçələrə xətər yetirildiyini iddia edib.

Onun sözlərinə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) əvvəlki açıqlamalarda tarixi daş küçələrin sökülməyəcəyi, sadəcə xüsusi örtük qoyulub asfalt qatının töküləcəyi barədə məlumat yaysa da, hazırda həmin tarixi daş küçələr asfaltlanır: “Nəzərə alsaq ki, bu yarışların ölkədə yaxın 10 ildə keçirilməsi nəzərdə tutulub, deməli, bu asfalt örtük 10 il yerində qalacaq? Tarixi sökməklə, üzərinə asfalt çəkməyin fərqi nədir? Qaynar asfalt və asfaltı yaymaq üçün 50-60 tonluq yayıcı maşınlar o tarixi daş örtüklərə ziyan vurmayacaq?”

N.Cəfərli yarış zamanı maşınlardan birinin Qala Divarına çırpılıb, bir hissəsini uçurma ehtimalı olduğunu da vurğulayıb: “Yarışın yolları Qala Divarlarının tam yanından keçir, bu yarışlarda qəzalar adi haldır, yarış zamanı maşınlardan biri Qala Divarına çırpılıb, bir hissəsini uçursa, tarix və gələcək nəsillər qarşısında bunun hesabını kim verəcək?”

Qeyd edək ki, iyunun 17-dən 19-dək baş tutacaq yarışda 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq. Maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km dənizkənarı hamar hissəsi ilə seçilir.

Elə bu səbəbdən yarışlar zamanı tarixi Qala divarına xətər vurulma ehtimalı ciddi narahatlıq doğurur və sosial şəbəkə istifadəçilərinin çoxu təmir gedən ərazilərdən fotoşəkil paylaşaraq narahatlıqlarını dilə gətiriblər. Bütün suallara cavab öyrənmək üçün Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai müraciət etdik.

“Hər hansı qəza olsa belə, Qala divarına heç bir xətər gətirməyəcək”

N.Arpadarainin sözlərinə görə, Əziz Əliyev küçəsi və Nazirlər Kabinetinin binası yerləşən ərazidə qənbər daşlarının üzərinə xüsusi örtük çəkilərək asfaltlanacaq. O bildirib ki, örtük qatı müvəqqəti salınacaq: “Natiq Cəfərlinin iddialarına cavab olaraq qeyd etmək istəyirəm ki, biz əvvəlcədən planımıza uyğun olaraq müvəqqəti örtük qatı salmışıq. İnsanlar yollarda təmirlə bağlı aparılan texnologiyaya baxsalar, görəcəklər ki, daşların araları dolsun deyə qənbər daşının üzərinə qumdan ibarət xüsusi örtük salınır, üzərinə isə asfalt qatı çəkilir. Yarış bitəndən sonra iyul ayında həmin qat yığışdırılacaq. 6 kilometrlik trek ərazisində təzə təmir olunmuş yollar isə Bakı sakinlərinin istifadəsində olacaq. Ancaq qənbər daşları olan ərazilər tam qorunmuş olaraq qalacaq. Örtük yarışdan sonra tam yığışdırılacaq. Növbəti oyunlar keçiriləndə isə yarışdan 1-2 həftə öncə yenidən örtük qatı salınacaq. Tariximizi heç cür zədələməyi düşünmürük. Ən önəmli məsələ odur ki, Formula-1 dünyanın gözünü Azərbaycana gətirəcək. Diqqət etsəniz, trasın bir hissəsi Qoşa Qala qapılarının ətrafından keçir, bu ərazi məxsusi olaraq seçilib ki, dünya tam olaraq şəhərimizin gözəlliyini görsün. Hər kəsi əmin edirik ki, qənbər daşlarından ibarət yollar əvvəlki vəziyyətinə qaytarılacaq”.

Qoşa Qala qapılarının zədələnməsi ehtimalına gəlincə, N.Arpadarai vurğulayıb ki, xüsusi olaraq təhlükəsizlik baryerləri qoyulacaq və qurğular quraşdırılacaq: “Hər hansı qəza olsa belə, Qala divarına heç bir xətər gətirməyəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər