Novella Cəfəroğlu: “Ümidvarıq ki, toplantı əfvlə bağlıdır”
Səadət Bənəniyarlı: “Mayda veriləcəyi daha real görünür”
Martın 1-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanın üzvü Mehdi Mehdiyev bildirib ki, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.
M.Mehdiyev Novruz bayramı ərəfəsində Prezident tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini bildirib.
Prezident yanında Əfv Komissiyasının toplantısının keçirilməsi hüquq müdafiəçilərində bu ay əfvin ola biləcəyi qənaətini yaradıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz bayramı ərəfəsində əfv gözlədiklərini dilə gətirib. Onun sözlərinə görə, siyahılar Əfv Komissiyasına göndərilib: “Məhbuslar məsələsini daim gündəmdə saxlayır, bizə daxil olan müraciətlərə diqqət yetiririk. Əfv məsələsi Prezidentin müstəsna səlahiyyətinə aiddir. Nə qədər insan azad olsa, bir o qədər yaxşıdır. Hüquq müdafiəçisi olan şəxs əfvə qarşı çıxa bilməz. Prezident yanında Əfv Komissiyasının iclası keçirilib. Bu da, müsbət hadisədir. Ümidvarıq ki, bütün bunlar bayram ərəfəsində əfvin verilməsi ilə bağlıdır”.
İnsan Hüquqlarına dair Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı isə Novruz bayramı ərəfəsində əfvin olub-olmayacağına dair bir söz deyə bilməyəcəyini söyləyib: “Əfv ola da, olmaya da bilər. Bizdə sonuncu dəfə yeni ildə əfv imzalanıb, yüzdən çox insan azadlığa çıxıb. Bu əfvin üzərindən iki ay keçib. İndi yaxın 15-20 gündə əfv siyahılarının hazırlanacağı, sərəncamın veriləcəyinə inanmıram. Əfv sərəncamı veriləcək, amma may ayı daha real görünür. Mart əfvi olmaya bilər. Çox istərdik ki, belə bir qərar verilsin. Bunlar xırda işlər deyil. Əfv Komissiyasının tərkibinə yeni üzvlər təyin olunub. Bu komissiyadan gözləntilərimiz çoxdur. Prezident bu istiqamətdə kifayət qədər müsbət addımlar atır. Bildiyiniz kimi, məhkəmə qərarı ilə Leyla və Arif Yunuslar azad olundular. Belə qərarların digərlərinə də şamil olunacağını düşünürəm”.
Qeyd edək ki, ötən həftə Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bildirmişdi ki, əfvlə bağlı səlahiyyət Prezidentə məxsusdur. O, əlavə etmişdi ki, bu günə qədər ölkədə bir neçə dəfə əfv verilib və çoxlu sayda insan azadlığa buraxılıb. Hüquq müdafiəçisi xüsusilə vurğulamışdı ki, əfv humanizm nümayişidir və Prezident tərəfindən bu dəfələrlə nümayiş etdirilib.
Cavidan