3 Mart 2016 14:37
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonu Veri-Əliabad kəndində özünü öldürən və daha iki şəxsə xəsarət yetirən məktəb direktoru Adil Rəhimov şeir yazıb, Yazıçılar Birliyinin üzvü olub. Bir şeirlər kitabı çıxıb.

Bu barədə Teleqraf.com-a kənd sakinləri məlumat verib.

Aldığımız məlumata görə, torpaq mülkiyyəti ilə bağlı münaqişə zəminində məktəb direktorunun xəsarət yetirdiyi Seyid Qurbanov və onun həyat yoldaşı Sevdanın hazırda durumu normaldır. Dava edən tərəflər həm də qohumdur.

3 övlad atası olan Adil Rəhimovun iki qızı, bir oğlu var. Oğlu Lerik rayon İcra Hakimiyyətində işləyir, subaydır, qızları isə ailə qurublar. Adil Rəhimovun atdığı bu addım kənd sakinləri üçün gözlənilməz olub. Sakinlər deyirlər ki, hirsli başda ağıl olmaz, görünür, münaqişə nəticəsində affekt vəziyyətinə düşən Adil Rəhimov sonradan öz hərəkətindən peşmançılıq hissi keçirib. Dünyasını dəyişən anası ilə şəhid qardaşının qəbirləri arasında özünə qəsd edib.

Veri kənd orta məktəbinin direktoru Mirismayıl Vahabov bildirib ki, hazırda məsələ ilə bağlı istintaq araşdırması aparılır: “Bildiyimə görə, bu mübahisə ilə bağlı dəfələrlə məhkəmə prosesi olub, məhkəmə çəkişməsi hələ də davam edir. Bütün bunların səbəbi çox təəssüf ki, vaxtilə düzgün aparılmayan torpaq bölgüsü ilə bağlıdır. Hesab edirəm ki, hadisə vaxtilə pay torpaqlarında yol verilmiş qanunsuzluqlardan törəyib.

Mətbuatda yazılanlardan da belə qənaətə gəlmək olar ki, tək bu kənddə deyil, regionlarda torpaq islahatı aparılarkən, pay torpaqlarının sərhədlərinin müəyyənləşməsi zamanı laqeydlik göstərilib, pay torpağı sənədlə bir vətəndaşa verilib, faktiki başqa adamın istifadəsində olub. Onun acı nəticələri bu gün yaşanır. Torpaq Komitəsi və yerlərdəki şöbələri ləğv edildikdən sonra torpaqların təyinatı, sərhədlərin müəyyənləşməsi və bu kimi məsələlər icra hakimiyyətlərinə həvalə edilib. Bu məsələlər həll edilməlidir ki, bu cür kriminal hadisələr yaşanmasın”.

Daxili İşlər Nazirliyinin (DİN) faktla bağlı yaydığı məlumatda bildirilir ki, martın 2-də saat 5 radələrində Lerik rayonunun Veri-Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib, tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə Seyid Qurbanova dəyməyib), bıçaqla ona və arvadı Sevdaya xəsarət yetirib, sonra hadisə yerini tərk edib. Daha sonra kənd qəbiristanlığına gedib, həmin tüfəng atəş açaraq özünü öldürüb.

Lerik rayon polis şöbəsi əməkdaşları hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 qumbara və 1 mətbəx bıçağı aşkarlayıb.

Seyid Qurbanov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Lerik rayon təhsil şöbəsi araşdırmanın ilkin nəticələrinə əsasən insidentin mülkiyyət üstündə baş verdiyini açıqlayıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər