6 Mart 2016 19:14
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün böyük şərəfdir ki, fəaliyyətim bizə dost olan ölkədə - Macarıstanda belə yüksək qiymətləndirilib.


Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimində çıxışı zaman deyib.

Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır:

“Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub. Mən əminəm ki, Sizin ölkəmizə səfəriniz bu əlaqələrin möhkəmlənməsində öz mühüm rolunu oynayacaq.

Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir. Fond təhsil, sosial, səhiyyə sahələrində layihələr həyata keçirir. Humanitar sahədə həyata keçirilən layihələr, əminəm ki, insanları, xalqları bir-birinə daha dərindən tanıdır və daha yaxşı anladır.

Siz, cənab Baş nazir, dinlərarası münasibətlərlə bağlı tamamilə düz söylədiniz, bizim fəlsəfəmiz ondan ibarətdir ki, hər bir xalq, hər bir insan öz dilinə, tarixinə, mədəniyyətinə hörmətlə yanaşırsa, bütün dünyanın dini və mədəni müxtəlifliyini həmin şəkildə qəbul etməlidir.

Bu gün mənə verdiyiniz mükafatı mən, eyni zamanda, bu əməkdaşlığa verilən yüksək qiymət kimi qəbul edirəm. Ümidvaram ki, cənab Baş nazir, Sizin və cənab Prezident, Sizin köməyinizlə bu əməkdaşlıq gələcəkdə davam edəcək. Mənim üçün xüsusi şərəfdir ki, bu mükafatı mənə şəxsən Siz təqdim edirsiniz.

Siz ölkənizdə öz prinsipial siyasətinizlə, xalqınızın maraqlarını hər şeydən üstün tutmaqla böyük dəstək və hörmət qazanmısınız. Azərbaycanda isə Sizi ölkəmizin yaxşı və böyük dostu kimi tanıyırlar.

Mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm, Sizə gələcək uğurlar arzulayıram. Macarıstan xalqına dərin hörmətimi və məhəbbətimi bildirir, ona sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm”.


Müəllif:

Oxşar xəbərlər