10 Mart 2016 19:45
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxqütblü dünyaya doğru” mövzusunda baş tutan IV Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda sessiya keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, sessiyanın moderatoru Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, səfir Fransis Odonnell Forumun əhəmiyyətini vurğulayaraq tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.

Çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa II Dünya Müharibəsindən sonra regionda baş verən proseslərdən danışıb. O, qəbul olunmuş beynəlxalq sənədlərə hörmətlə yanaşılmasının vacibliyini qeyd edib və bildirib ki, nüvə silahının yayılmaması ilə bağlı memorandum və razılaşmalara əməl edilməsi mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ölkəsindəki münaqişə haqqında danışaraq onun həllinə öz baxışlarını dilə gətirib. Daha sonra o, Dağlıq Qarabağ, Abxaziya və Ukraynada baş verən münaqişələrin illərdir öz həllini tapmamasını vurğulayıb.

Polşanın sabiq Prezident Bronislav Komorovski ilk öncə Bakının siyasi mövzuların müzakirəsi üçün mükəmməl məkan olduğunu bildirib. Daha sonra isə Ukraynada və digər regionlarda baş verən münaqişələrin regiona təsirini qeyd edib.

Rusiyanın sabiq baş naziri Viktor Zubkov ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, bir çox münaqişələrin ikiqütblü dünyanın dağılmasından sonra yarandığını söyləyib. Ukraynadakı vəziyyətlə bağlı sabiq Baş nazir münaqişənin həllində dialoqun qurulmasının vacib olduğunu qeyd edib.

Çıxış edən Rumıniyanın Xarici İşlər nazirinin müavini Daniel İonita Ukrayna, Abxaziya və Dağlıq Qarabağ münaqişəsinin hələ də öz aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb. O, istənilən ölkənin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu bildirib. D.İonita Ukraynadakı münaqişənin həllində danışıqların aparılmasının, razılaşdırılmış sənədlərə əməl edilməsinin vacibliyini qeyd edib.

İrlandiyanın sabiq baş naziri Berti Ahern tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O, Forumun dünyanı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu deyib. Berti Ahern istənilən münaqişələrin insan itkilərinə, iqtisadi böhrana, humanitar fəlakətə səbəb olduğunu diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər