Paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumu ictimaiyyət arasında geniş maraq doğurub. QHT nümayəndələri, tədqiqatçılar bu barədə fikirlərini bölüşüblər.
“Azərbaycan dünyanın qlobal düşüncə mərkəzidir”
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan 25 ildir müstəqillik əldə etməsinə baxmayaraq, sürətlə inkişaf edərək regionda lider ölkəyə çevrilib: Onun sözlərinə görə, sevindirici haldır ki, Prezident İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın apardığı beynəlxalq humanitar siyasətin nəticəsi olaraq məhz humanitar forumlar Bakıda keçirilməyə başlayıb: “Dünyanın düşünən beyinləri humanitar forumlarda qlobal problemləri müzakirə edirlər. O cümlədən təkqütblü dünyadan çoxqütblü dünyaya keçidlə bağlı fikir mübadiləsi aparırlar. Təbii, yeni müstəqillik əldə edən, dövlət, xalq kimi bu, çox sevindirici haldır ki, artıq Azərbaycanı multikulturalizm, tolerantlıq, düşüncə mərkəzi kimi qəbul edirlər. Buna görə də Azərbaycanı Şərqlə Qərbin qızıl körpüsü adlandırırlar. Biz bu haqqı qazanmışıq və artıq Azərbaycan dünyanın qlobal düşüncə mərkəzidir”.
R.Zeyni qeyd edib ki, Azərbaycan işğala, terrora məruz qalıb, lakin bu gün dünyaya sülh çağırışı edir: “Bundan əvvəlki forumlarda BMT yanında Ümumdünya Sülh Federasiyasının nümayəndəsi iştirak edirdi. O, milliyətcə yapon idi və düşünürdü ki, sülhdən danışmağa yalnız yapon xalqının mənəvi haqqı var. Onunla söhbətim zamanı Azərbaycan xalqına qarşı edilən deportasiyalar, işğallar, soyqırımlar haqqında məlumat verəndən sonra, dünyada sülhdən danışmağa birinci haqqı olan xalqın azərbaycanlılar olduğunu dedi. Biz məhz belə qlobal forumlar vasitəsilə dünyaya sülh mesajı veririk. Münaqişədən əziyyət çəkən ölkə və xalq kimi yaradılan bütün münaqişələri pisləyirik. Azərbaycan dəfələrlə bir ölkənin digərinin ərazisini işğal etməsi, əhalisinə soyqırımı törədilməsinə qarşı öz etirazını bildirib. Belə forumlar bizə yeni tribuna, imkanlar verir ki, Azərbaycanın haqq səsini dünyaya çatdıra bilək. Çünki bu gün ölkəmizin haqq səsi dünyada lazımi səviyyədə eşidilmir. BMT-nin qəbul etdiyi qətnamələr 20 ildən çoxdur yerinə yetirilmir. Ona görə də, ölkəmizin milli maraqları naminə bizim belə forumlara ehtiyacımız var. Dünya bizim səsimizi eşidəcək və nəhayət ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxaraq, yaranmış münaqişəyə son qoyulacaq. Ona görə də düşünürəm ki, Bakıda keçirilən humanitar forumun çox böyük əhəmiyyəti var”.
“İlham Əliyevin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilir”
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən və iki gün davam edən 4-cü Qlobal Bakı Forumunda dövlət başçılarının nüfuzlu siyasətçilərin, eyni zamanda ictimai xadimlərin iştirakı Azərbaycan üçün əhəmiyyətli rol oynayır: “Forumda müzakirə olunan qlobal etimadsızlıq və təhlükəsizlik, iqtisadi amillərin qeyri-bərabərliyi, regional dinamik təhlükələr, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər ümumilikdə bütün dünyanı narahat edən mövzulardır.
Forumda müzakirəyə çıxarılacaq məsələlər də Azərbaycanın beynəlxalq aləmdə sülh və sabitliyə, iqtisadi və mədəni inkişafa, enerji təhlükəsizliyinə, eləcə də multikultural dəyərlərə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. İndi dünyada böyük siyasi dəyişikliklər gedir. Hazırda Azərbaycan dünyada müstəqil siyasət yürütməsi və beynəlxalq aləmdə sülh işinə böyük töhfələr vermək niyyəti ilə nüfuz qazanıb. Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Biz artıq Azərbaycanın əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu, Avropa ilə Asiya arasında mədəni və siyasi körpü rolu oynadığını bilirik. Eləcə də Prezident İlham Əliyev həmişə ölkənin bu zəngin potensialından dünyadakı mövcud problemlərin həllində istifadə etmək zərurəti barədə bəyanatlar verir. Biz artıq bir neçə ildir şahid oluruq ki, Bakı qlobal problemlərin müzakirə olunduğu məkan kimi çox əhəmiyyətlidir və özünü tamamilə doğruldur.
Azərbaycan Dağlıq Qarabağ problemlərinin həllində hər zaman sülhün tərəfdarı olub. Dünya ölkələri arasında hər zaman sülhün elçisi kimi tanınan bir dövlətdir".
M.Seyidov qeyd edib ki, bundan əvvəl keçirilən hər üç forum, mövzuların aktuallığı və hərtərəfliliyi, təmsilçiliyin yüksək səviyyəli və tədbir iştirakçılarının fəallığı baxımından dünya ictimaiyyətində və beynəlxalq mətbuat arenasında xüsusi diqqətlə izlənilib: “Məhz bu səbəbdən ölkəmizdə keçirilən 4-cü foruma qarşı da xüsusi diqqət ayrılıb”.
“Azərbaycan qlobal terrorizmə qarşı mübarizə aparan dövlətlər sırasındadır”
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli bildirib ki, belə bir forumun yenidən Azərbaycanda keçirilməsi ölkəmizin hansı nüfuza malik olmasını bir daha göstərmiş oldu. Onun sözlərinə görə, ölkə Prezidentinin təşəbbüsü ilə belə tədbirlərin, humanitar, dinlərarası dialoq forumlarının Bakda keçirilməsi artıq ənənə halını alıb: “Azərbaycan bir daha bununla göstərir ki, multikultural bir ölkədir və bu, artıq bizim həyat tərzimizə çevrilib. Biz dünyaya açıq bir ölkəyik və bütün dövlətlərlə, o cümlədən beynəlxalq təşkilatlarla mehriban, dost və sıx münasibətlər yaratmaqda maraqlıyıq”.
Forumda müzakirə edilən məsələlərə toxunan A.Əsgərli deyib ki, Azərbaycan beynəlxalq və regional təhlükəsizlik məsələlərində, dövlətlərarası münasibətlərdə, münaqişlərin aradan qaldırılması ilə bağlı, eləcə də siyasi, iqtisadi, humanitar əlaqələrin genişləndirilməsində öz təcrübəsini və ənənəsini yaymağa təşəbbüs göstərir: “Ölkə Prezidenti Münhendə keçirilən tədbirdə də bununla bağlı bir daha bəyan etdi ki, Azərbaycan özünün humanitar, xoşməramlı siyasətini digər ölkələrlə bölüşməyə hazırdır. Qlobal Bakı Forumunun ən böyük əhəmiyyətindən biri o oldu ki, artıq əvvəlki illərdən fərqli olaraq müxtəlif dövlətlərin Azərbaycana marağı artır. Bir sıra ölkələrin prezidentlərinin, o cümlədən dövlət adamlarının, beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirə qatılması, eyni zamanda gələ bilməyən dövlət başçılarının təbrik məktubu, video müraciət etməsi Azərbaycana, onun regionda olan yerinə və roluna verilən qiymətdir.
Azərbaycan işğaldan, terrordan əziyyət çəkən bir ölkədir və bununla yanaşı, qlobal terrorizmə qarşı mübarizə aparan dövlətlər sırasındadır. Ölkəmiz xeyli müddətdir qonşu Ermənistanın həm işğalına, həm də terroruna məruz qalıb. Lakin buna baxmayaraq, Azərbaycan regionda və bölgədə terrordan və işğaldan əziyyət çəkən ölkələrə həmrəylik nümayiş etdirərək, həm də onlara dəstək olmaq təşəbbüsünü göstərir.
Forumda Azərbaycan Prezidentinin çıxışı çox maraqlı oldu və hətta o, dünya gücləri olan dövlətlərə bir ismarış da göndərdi. İlham Əliyev doğru olaraq qeyd etdi ki, iqtisadi vasitələri, xüsusilə neft, qaz və digərlərini özünüzün siyasi alətinə çevirməyin. Yəni hər hansı dövlətə qarşı siyasi təzyiq göstərmək üçün iqtisadi sanksiyaların tətbiqi yolverilməzdir. Məhz bu nitqlə Azərbaycan özünün maraqlarını ortaya qoymuş oldu. Belə ki, siyasi məsələlər başqa olmalıdır, iqtisadi, biznes maraqları tamam başqa. Azərbaycan Avropaya açılan bir qapıdır və ölkəmiz təbii resurslarını Avropaya daşımaqda maraqlıdır. Bir neçə xətt üzrə Azərbaycan bu siyasəti yeridir və bundan sonra da davam etdirəcək. Dövlət başçısı bir daha keçirilən forumda bəyan etdi ki, Azərbaycan Qərblə xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır".
“Müzakirələr proseslərə öz müsbət təsirini göstərə bilər”
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Azərbaycanda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumunun keçirilməsi həm miqyası, həm də forumda qaldırılan problemlər baxımından son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, artıq dördüncü dəfədir Bakıda belə bir forum keçirilir: “Bizim belə bir tədbirə ev sahibliyi etməyimiz özü bir müsbət anlam ifadə edir. Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. Yəni bu tədbir kifayət qədər sanballı, geniş və əhatəlidir”.
V.Zifəroğlu deyib ki, digər əhəmiyyətli bir məqam isə forumda yer alan mövzulardır: “Hazırda regionda baş verən istər siyasi, istər iqtisadi proseslər, multikuluturalizm, dinlərarası dialoq və bir sıra başqa ciddi müzakirə predmeti olan məsələlər forumda müzakirə masasına yatırılacaq. Bunun elə özü o deməkdir ki, orada edilən çıxışlar, müzakirələr proseslərə öz müsbət təsirini göstərə bilər. Yaxın Şərqdə baş verənlər, Suriya hadisələri belə forumların hər zaman gündəmindədir. Bir müddət əvvəl Münhendə belə bir forum təşkil edilmişdi. Orada da Suriyada, ümumiyyətlə regionda baş verən proseslər, dünyada və regionda təhlükəsizlik məsələləri müzakirə obyekti olmuşdur. Təbii ki, Bakıda keçirilən forumda da belə olacaq və Yaxın Şərqdə baş verən hadisələrin müzakirəsi gözləniləndir”.
BƏXTİYAR