11 Mart 2016 12:35
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında sərəncan imzalayıb. Dəyişikliyə əsasən, Mərkəzi Bankın statusu dəyişib, o, dövlət orqanı yox, artıq publik hüquqi şəxsdir.

Mərkəzi Bank balansında olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.

Dəyişikliklərdən biri də qanunun 5.0.7-ci maddəsinin ləğv edilməsi ilə bağlıdır. Bu dəyişikliklə Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyası əlindən alınıb.

Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinin bir qismi də əlindən alınıb. Dəyişikliklərdə 22.0.9 - 22.0.12-ci maddələrin ləğvi nəzərdə tutulub. Bununla da Mərkəzi Bankın İdarə Heyətinin kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edə, kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edə, “Banklar haqqında” qanun ilə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edə, Azərbaycanın bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirə bilməyəcək.

Dəyişikliklə Mərkəzi Bank ölkənin bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını itirib.

Üstəlik, dəyişikliklərlə Mərkəzi Bankdan tənzimləmə və nəzarət, eləcə də lisenziyalaşdırma səlahiyyətləri əlindən alınıb. Bu qanunun 49-cu maddəsi də yeni redaksiyada verilib. Bu maddəyə əsasən, bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilərdisə, bundan sonra bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər.

Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.

İqtisadçı-ekspert Vüqar Bayramov Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini doğru addım sayır. Ekspert bildirir ki, Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə aldıqda bank sektorunu qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac var: “Manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur.

Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji olaraq baş verən iki devalvasiya Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranıb. Banklara nəzarətin gücləndirilməsi isə bu sektorun likvdiliyinin bərpa edilməsi və banklara inamın formalaşdırılması baxımdan vacibdir.

Problemli kreditlərin həcminin artması və dollarlaşma prosesinin qarşısını ala bilməyən və hətta kommersiya bankının lisenziyasını geri alıb 3 gün sonra özünə qaytaran Mərkəzi Bank nə 4 il əvvəl neft bumu dövründə manatın məzənnəsinin mərhələli yumşaldılması, nə də bir il öncə əmanətlərin indeksasiyası, dollar ilə kreditlərə kompensasiyaların verilməsi daxil olmaqla bütün təkliflərimə “yox” dedi. Nəticə göz qabağındadır: 12 milyard dollar pulu xərcləyən baş bank hələ də milli valyutanın məzənnəsində stabillik yarada bilməyib. Valyuta xərclənib gedib, amma manat yenə də təzyiq altındadır. Deməli, struktur dəyişikliyi vacibdir.

Bütövlükdə Mərkəzi Bankın statusunun dəyişdirilərək müstəqil quruma və ya publik hüquqi şəxsə çevrilməsi və sadəcə, uçot siyasətinə məsul olması məqsədəuyğundur".

Mərkəzi Bankın publik hüquqi şəxsə çevrilməsi nəyi dəyişəcək? İqtisadçı Samir Əliyev deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə Mərkəzi Bankın bir sıra funksiyaları, o cümlədən tənzimləmə və nəzarət funksiyaları palataya verilib. Bundan sonra bütün kredit təşkilatlarına, o cümlədən banklara lisenziyaların verilməsi və geri alınmasını palata həyata keçirəcək: “Həmçinin bank sektoruna dair normativlərin tənzimlənməsi funksiyası da palataya verilib. Mərkəzi Bankın əsas fəaliyyəti pul-kredit siyasətini tənzimləmək olacaq. Publik hüquqi şəxslərin yaradılması və Mərkəzi Bankın publik hüquqi şəxs adlanması mahiyyət etibarilə baş bankın fəaliyyətində heç nəyi dəyişməyəcək. Çünki səlahiyyətlərin alınması əvvəldən baş verib”.

Ekspert qeyd edib ki, sonunçu fərmanla Mərkəzi Bankın hüquqi statusu dəqiqləşdirilib: “Dünyanın bir çox ölkələrində Mərkəzi Banklar bu statusa malikdir. Düzdür, onlar arasında dövlət qurumu olan və hətta özəl mülkiyyətə malik olanlar da var. Mülkiyyət formasından və hüquqi statusunda asılı olmayaraq onların hamısı ölkədə pul-kredit siyasətini həyata keçirir”.

Mərkəzi Bankın banklara müəyyən nəzarət rıçaqlarını özündə saxlayacağını deyən Samir Əliyev bu sırada banklarda ehtiyatların norması, hesablanması və saxlanması qaydasının müəyyənləşdirilməsi kimi fəaliyyət nümunələrini göstərib: “Lakin bütün bunlar maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmalıdır. Mərkəzi Bank maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar da apara biləcək.

Hər bir halda tənzimləmə və nəzarət palatanın səlahiyyətində olsa da həlledici məqamlarda Mərkəzi Bankın rəyi nəzərə alınacaq. Bu məsələdə palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər".

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər