17 Mart 2016 15:37
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Rövnəq Abdullayev Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edərək, qəzadan dərhal sonra Prezidentin Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirib, ötən müddət ərzində komissiyanın rəhbərliyi altında görülmüş tədbirlərdən danışıb, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını söyləyib. Son cəsədlərin tapıldığı Türkmənistan ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Qəzada xilas edilmiş neftçilərin müalicə-reabilitasiyasına da hərtərəfli dəstək verilməsinə toxunan Rövnəq Abdullayev zərər çəkmiş bütün insanların sosial təminatları ilə bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb.

İtkin düşənlərin ailə üzvləri ilə SOCAR rəhbərliyi nümayəndələrinin indiyə qədər keçirilmiş görüşləri haqqında məlumatlı olduğunu bildirən Rövnəq Abdullayev görüş işitirakçılarını narahat edən məsələlərlə maraqlanıb. İtkin düşən neftçilərin ailə üzvlərindən Esmira Əhmədova, Hüseyn Xəlilov, Azər İskəndərov, Nəcməddin Nəcməddinov, Simuzər Rzaxanova və başqaları qarşılaşdıqları problemlərdən söz açıb, bu problemlərin həlli üçün SOCAR rəhbərliyinin köməyinə ehtiyac yarandığını söyləyiblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə qaldırılan məsələlərin həlli istiqamətində şirkət tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər