“Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirildi. İki il yarım öncə təqdim etdiyimiz təklif rellaşdı”.
Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, bu təklif İSİM-in Azərbaycan hökumətinə təqdim edilmiş struktur islahatları konsepsiyasına daxil idi. “Ümid edək ki, konsepsiyada olan digər təkliflər də reallaşacaq”, deyən V.Bayramov qeyd edib ki, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi nazirliklə fondun birləşdirilməsi məsələsini yenidən gündəmə gətirmişdi. Onun sözlərinə görə, İSİM-in 2010-cı ildə hazırladığı institusional təkliflər paketində bu islahat təklif olunurdu: “Əslində, DSMF-nin nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsinə deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına, eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər. Bununla da pensiya siyasəti hökumətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər. Digər tərəfədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə DSMF-nin keçmiş sədri Səlim Müslümovun rəhbərlik etdiyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda fondun nazirliyə birləşdirilməsi institusional islahat olmaqla yanaşı eyni zaman çevik idarəetməyə imkan yarada bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb. Sərəncamda bu addımın sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə atıldığı bildirilir.
Səxavət