13 İyun 2014 22:56
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının İraqda apardığı qanlı zorakılıqlara münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Şeyx vurğulayıb ki, qruplaşma din uğrunda döyüşmür, onlar siyasət girovlarıdır:

“Hər hansı müsəlman, özünə müsəlman deyərək bir qardaşının və insanın qanını tökürsə, bu adam kafirdir. Bu gün dünyada din pərdəsi altında törədilən zorakılıq üstünlük təşkil edir. Hazırda Suriyada, İraqda, Kərkükdə, Mosulda öldürülən insanlar haqsız yerə qətlə yetirilir. Təbii ki, buna görə Allah onların cəzasını verəcək”.

Qeyd edək ki, İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət görüb.

Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev hazırda İraqda ölkə vətəndaşlarının olub-olmadığını araşdırdıqlarını da bildirib.

Xatırladaq ki, terrorçu qruplaşma adlandırılan İŞİD bir neçə İraq şəhərini nəzarəti altına alıb. Terrorçu qruplaşma şiə təriqətindən olan müsəlmanlara qarşı amansız olacağını bəyan edib.


Müəllif: