Azərbaycan Brüsseldə törədilmiş terror aktlarını qəti şəkildə qınayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Belçikanın paytaxtı Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".
Qeyd olunur ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək.