23 Mart 2016 13:49
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik".

Teleqraf.com-un məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiosuna müsahibəsində deyib.

Həmsədrin sözlərinə görə, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı qalır: "Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər".

Uorlik deyib ki, vasitəçilər kimi, biz sülhə doğru yeganə yolun danışıqlar masası arxasında olduğuna inanırıq: "Biz münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Xarici İşlər Naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazırıq".

"Ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu, qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı illərdir razılıq əldə edilməyən məsələlərlə bağlı nə yenilik söyləyə bilərsiniz?" sualına həmsədr belə cavab verib:

"Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır".

Ceyms Uorlik Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə tərəfdar olduğunu vurğulayıb: "Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir.

Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər Dövlət Katibi Kerri, Prezident Putin və Prezident Hollandın vasitəçilik səyləri nəticəsində Prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir".

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər