28 Mart 2016 16:56
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Teleqraf.com xəbər verir ki, Plenuma Ali Məhkəmənin sədri Ramiz Rzayev sədrlik edib.

Ali Məhkəmənin sədri iclası açaraq bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi önəm verilir: “Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri Azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı, valideynlərə hörmət əlamətləri ilə seçilib. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları həm milli qaninvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapıb.

“İnsan hüquqlarının Ümumi Bəyannaməsi”ndə, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Paktda, “Uşaq hüquqları haqqında” Konvensiyada, həmçinin “İnsan hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyada nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəalar yer almaqla yanaşı, bu sahədə dövlətlərin öhdəlikləri də müəyyənləşdirilib”.

Qeyd edilib ki, respublikamızda 2015-ci ildə nikahların pozulması və etibarsız hesab edilməsi ilə bağlı 11.281 işə baxılıb: “Bu da əvvəlki ilə nisbətən 4,5 faiz artımla müşahidə olunub. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qəbul etdiyi qərarlar ədalətli olmalıdır. Ailə münasibətləri, o cümlədən nikahın pozulması daha çox şəxsi xarakter daşıdığına, ər və arvadın qarşılıqlı, bir qədər də başqalarına məlum olmayan, onların ikisinə aid münasibətlərlə bağlı olduğuna görə bu xarakterli işlərdə tərəflərin, yəni ər və arvadın prosesdə şəxsən iştirakına diqqət yetirilməli, onların məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilib-edilməməsi, məhkəmə iclasına gəlməməsinin səbəbləri araşdırılmalı, nigahın pozulmasına münasibətləri müəyyən edilərək zəruri hallarda işə baxılmasının qanunla müəyyən edilmiş müddətdə təxirə salınmasına riayət olunmalıdır”.

Plenumda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.

Xüsusi vurğulanıb ki, nikah pozularkən birgə nikahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz.
Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə, nikahın pozulması hallarında alimentin düzgün müəyyənləşdirilməlidir.

Plenumda məhkəmələr tərəfindən nikahın pozulması və aliment tələbləri ilə bağlı işlərə baxılarkən qanunvericiliyin vahid qaydada və düzgün tətbiq olunmasını təmin etmək üçün müvafiq qərar qəbul edilib.
Plenum “Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini qərara alıb.
Plenumda həmçinin konkret cinayət və mülki işlərə də baxılıb.

Plenumun işində Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Dövlət və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər