Martın 30-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ilk iclası keçirilib.
Palatanın ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qlobal dünyada gedən iqtisadi proseslər kontekstində dünya maliyyə, iqtisadi böhranının Azərbaycana təsirini minimuma endirmək üçün maliyyə sektorunda aparılan institusional dəyişikliklərin əhəmiyyətindən söz açıb.
Rüfət Aslanlı kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran hədəflər barədə məlumat verib.
Sədr Azərbaycanda müasir, qabaqcıl, mütərəqqi Avropa standartlarına uyğun olan maliyyə nəzarəti orqanı və maliyyə sektorunun formalaşmasının əsas hədəflər sırasına daxil olduğunu bildirib.
Rüfət Aslanlı Palatanın nəzarət sferasına daxil olan sektorlar üzrə problemlərin dərinliyinin və miqyasının diaqnostika edilməsi, bu sahələr üzrə müvafiq strategiya və taktikaların müəyyən olunması istiqamətində tapşırıqlarını verib.
Xatırladaq ki, prezidentin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb.
Qurum Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi daşıyır.
Həmin fərmanla Palatanın 5 nəfərdən ibarət Direktorlar Şurasının tərkibi müəyyənləşdirilib.
Naibə QURBANOVA