Xətai bələdiyyəsinin sədri Teymur Məmmədov vəzifəsini tərk edib. 28 mart 2016-cı il tarxində keçirilən bələdiyyə iclasında sədrin istefa ərizəsi qəbul edilib. Həmin iclasda keçmiş sədrin bələdiyyə üzvlüyünə xitam verilməsiylə bağlı da Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb.
Səbəb kimi Teymur Məmmədovun səhhətinin qənaətbəxş vəziyyətdə olmaması göstərilir.
Hazırda sədrin səlahiyyətləri sədr müavini Əliyar Əliyevə həvalə edilib.
Belediyye.info-ya daxil olan məlumatda bildirilir ki, sədrin istefası hec də T. Məmmədovun səhhətiylə bağlı deyil. Belə ki, onunla eyni gündə rayon memarı Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla tutduğu vəzifədən azad edilib. Hər iki məsul vəzifəli şəxsin eyni gündə vəzifəsini itirməsi rayon ərazisində qanunsuz torpaq satışıyla bağlı olduğu deyilir.
Xatırladaq ki, Teymur Məmmədov 2014-cu ilin dekabrında bələdiyyə üzvü, 2015-cu ilin yanvar ayından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdi.