Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “Export-Import” Bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulandı. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” Bankı ilə əməkdaşlıq imkanları müzakirə edildi.
Söhbət zamanı Azərbaycanda yeni islahatlar proqramının həyata keçirildiyi, bunun biznes sahəsində fəaliyyət üçün yaxşı imkan yaratdığı bildirildi. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırıldı.
Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.