Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Dağlıq Qarabağ münaqişəsinin təmas xətti boyu baş verən döyüşlərin aprelin 2-də gərginləşən humanitar təsirlərindən narahatdır. Tərəflərin verdiyi məlumatlara görə zərər çəkənlər arasında mülki şəxslər də var.
Trend-in məlumatına görə, bu narahatlığı BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial ifadə edib. O bildirib: “Biz son gərginliyin təsir etdiklərinə yardım və dəstək göstərməyə, həmçinin tərəflər arasında neytral vasitəçi olmağa hazırıq. Bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına riayət etmək barədə öhdəlikləri var. Bu qaydalara görə, tərəflər mülki şəxslərin həyatının və mülki infrastrukturun müdafiəsini təmin etməlidirlər”.
Qeyd edək ki, BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Bakı və Yerevandakı nümayəndəlikləri və həmçinin Dağlıq Qarabağdakı missiyasının vasitəsilə BQXK, təmas xətti və Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu yaşayan icmalara dəstək verir. Bundan əlavə, BQXK, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yardımçı olur və onların ailələrinə dəstək verir, saxlanılan şəxslərə baş çəkir və münaqişə tərəflərin azad etdiyi insanların geri qaytarilmasında neytral vasitəçi qismində iştirak edir.