4 Aprel 2016 16:21
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv qurum olan İslam Konfransı Gənclər Forumu (İKGF) Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrlə bağlı növbədənkənar iclas keçirib. İclasda İƏT-ə üzv ölkə olan Azərbaycan Respublikasında baş verən hadisələr müzakirə olunub və müvafiq bəyan qəbul edilib.

Teleqraf.com bəyanatı təqdim edir: “İslam Əməkdaşlıq Təşkilatına üzv qurum olan İslam Konfransı Gənclər Forumu Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı təxribat xarakterli təcavüzkar hərəkətlərini, Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmasını şiddətlə qınayır, bunu regionda sülhün pozulması və gərginliyin artmasına yönəlmiş akt kimi qiymətləndirir.

Eyni zamanda Azərbaycan Respublikasının öz ərazilərini və əhalisinin təhlükəsizliyini qorumağa yönəlmiş cavab aksiyalarını təqdirəlayiq hesab edir, əvvəllər erməni qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan mövqelərinə qarşı plasdarm kimi istifadə olunan strateji məntəqələri azad etməsi istiqamətindəki addımlarını alqışlayır, Azərbaycan Respublikası prezidentinin ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi fəaliyyət və mövqeyini tam dəstəkləyir, öz işğal olunmuş ərazilərini azad etmək uğrunda atacağı addımları Azərbaycan Respublikasının təbii haqqı hesab edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə tərəfdar olduğu barədə dəfələrlə bəyan etdiyi mövqeyini nəzərə alaraq beynəlxalq təşkilatları bu mövqeyi dəstəkləməyə, əvvəllər qəbul olunmuş beynəlxalq qətnamələrin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmağa, prosesi uzadaraq hərbi müstəviyə keçirməyə can atan Ermənistan Respublikasına təzyiqləri artırmağa çağırır.

İƏT Gənclər Forumu bu günlərdə Azərbaycan Respublikası ilə həmrəylik nümayiş etdirərək ona dəstək verən Pakistan, Türkiyə və s. kimi İƏT-ə üzv ölkələrə də mövqelərinə görə təşəkkür bildirir və bəyan edir ki, bu yaxınlarda işinə başlayacaq İslam Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsindəki tədbirlərdə də bu məsələnin müzakirəyə çıxarılması və İƏT-ə üzv digər ölkə nümayəndələri tərəfindən də müvafiq mövqe nümayiş etdirməsi istiqamətində addımlar atacaqdır” .

Nemət


Müəllif:

Oxşar xəbərlər