Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bunu ötən illərin təcrübəsindən də asanlıqla görmək olar.
Belə ki, 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar bunu göstərir.
Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.
ATƏT Minsk qrupunun həmsədrləri də artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır.
Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında məhz bu amil durur.
Bunun təsdiqi olaraq həm də onu göstərmək olar ki, Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq əks-həmlə əməliyyatını və cavab tədbirlərini aprelin 3-dən birtərəfli qaydada dayandırdığını bəyan edib. Ermənistan tərəfi isə, əksinə, hərbi əməliyyatların intensivliyini artırmağa və ciddi cəhdlə qarşıdurmanı davam etdirməyə çalışır.
Məsələni şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev iki gün öncə Ermənistan silahlı qüvvələrinin yenidən təxribatlara əl atdığını və mülki əhalinin məskunlaşdığı ərazilərə iriçaplı silahlardan atəşə tutduğunu vurğulayıb. O qeyd edib ki, bu təxribatın qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinə layiqli, tutarlı cavab verib:
“Ermənilərə onların inanmadığı dərəcədə zərbələr vurulub. Zərbələr nəticəsində Ermənistan silahlı qüvvələri yerləşdikləri, bizim üçün də vacib olan hərbi pozisiyalardan xeyli uzaqlaşdırılıblar. Bu, onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri hər an silah gücü ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir ölkədir. Bu, həm ali baş komandanın apardığı daxili və xarici siyasət nəticəsində, həm də Azərbaycan Silahlı Qüvvələrinin son vaxtlardakı inkişafı nəticəsində mümkün olub. Həm silah-sursat, həm zabit və əsgər heyətləri ilə aparılan iş nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu hesab olunur. Bu, birmənalı həqiqətdir”.
R.Rzayev qeyd edib ki, təxribatçı Ermənistan silahlı qüvvələri isə heç bir zaman Azərbaycana rəqib olmayıb, ola da bilməz: “Azərbaycanla Ermənistanın gücü arasında bu gün üçün olan məsafə hər birimizə aydındır. Ermənistan bu fərqi heç bir zaman bərabərləşdirə bilməyəcək. Ona görə ki, Ermənistan rəhbərliyi işğal faktoru üzərində hakimiyyətə gəlib. Eyni zamanda onların səhra komandiri düşüncəsindən o yana keçməyən düşüncədə olan rəhbəri ölkəni inkişaf etdirə bilmir. Azərbaycan isə öz gücünü hərbi yolla göstərməyə qadir olduğunu bir daha sübut etdi”.
Komitə sədrinin müavini onu da bildirib ki, birtərəfli qaydada atəşkəsi dayandırmaq barədə qərar qəbul etməsi ölkəmizin sülhpərvərliyindən xəbər verir: “Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllini istəyir və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiqdir. Ona görə həmsədr dövlətlərin rəhbərləri təcili bəyanatlarla, təcili fəaliyyətlə qarşı tərəfi konstruktiv mövqeyə dəvət edib masa arxasında problemin həllinə çalışmalı və dəqiq mövqedən çıxış etməlidirlər. Əks halda regionda çox gözlənilməz hallar baş verə bilər. Böyük dövlətlər, xüsusilə də ABŞ, Rusiya və Fransa bölgəni gözlənilməz problemlərdən xilas etmək istəyirlərsə, qarşı tərəfi masa arxasında oturtmağı bacarmalıdır. Əgər bunu etməyəcəklərsə, demək, məsuliyyət onların üzərində qalacaq”.
Müsahibimiz həmçinin bildirib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə söykənərək öz ərazilərində antiterror əməliyyatı keçirmək hüququna malikdir: “Azərbaycanın burada məqsədi ölkənin ərazi bütövlüyünü təmin etmək ola bilər. Amma Azərbaycan bu yola əl atmır. Ona görə ki, məsələnin sülh yolu ilə həllinə inanır. Məhz buna görə də Minsk qrupunun həmsədrləri bu barədə düşünməlidirlər”.
Səxavət HƏMİD