5 Aprel 2016 10:44
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) fövqəladə toplantı keçirilib.

Teleqraf.com-un məlumatına görə, toplantı son vaxtlar cəbhə xəttində baş vermiş hadisələr, erməni təxribatı və bu təxribatın qarşısını alan əsgər və zabitlərimizin qələbəsinə və ordumuza ediləcək dəstəyə həsr olunub.

Tədbiri giriş sözü ilə açan rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz salıb.

Sabir Əliyev deyib ki, universitet müəllimləri və tələbələr dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün lazımi addımlar atmalıdırlar: “Biz universitet olaraq cəbhədə yaralanan əsgərlərimizə yardım üçün qanvermə aksiyası keçirəcəyik. Gənclərimizdə əhval-ruhiyyə yüksəkdir və onlar orduya getmək və döyüşlərdə iştirak etmək üçün universitet rəhbərliyinə müraciət edirlər”.

Universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev əsgərlərimizin layiqincə öz vəzifələrinin öhdəsindən gəldiyini və bu işdə dəqiq informasiyanın və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin əvəzedilməz rolu olduğunu vurğulayıb:

“Ermənilərlə təkcə ərazilərimiz uğrunda müharibə getmir, həm də tərəflər arasında informasiya müharibəsi aparılır. Buna görə gənclər fəal olmalı, müxtəlif dillərdə informasiyanı dünyaya çatdırmalıdırlar”.

Universitetin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov çıxış edərək hazırda torpaqlarımızın azad olunması üçün tarixi şərait yetişdiyini vurğulayıb:

“Mənim 78 yaşım var, müharibədə iştirak etməyə hazıram. Öz torpaqlarımıza sahib çıxmalı, erməni silahlılarını işğal olunmuş ərazilərdən qovmalıyıq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər