5 Aprel 2016 11:00
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar İncəsənət Xadimi, Pyotr Akademiyasının həqiqi üzvü, tanınmış yazıçı Afaq Məsud Rusiyanın birinci televiziya kanalı ilə yayımlanan “Vremya pokajet” verilişində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən qeyri-obyektiv fikirlərə dair kanalın baş direktoru Konstantin Ernstə məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Ernst. Aprelin 4-də kanalınız ilə yayımlanan “Vremya pokajet” verilişinin əvvəlində qoyulan “Bu müharibəyə ilk olaraq, hansı tərəfdən başlanıldı”, “Niyə məhz indi başlandı” suallarına müzakirədə iştirak edən “kompetent” şəxslərin (hər iki mövqedə olan) heç biri cavab verə bilmədi. Cavab isə çox aydın və üzdədir: İyirmi ildən artıq müddət ərzində məlum sülh danışıqlarının nəticə verməsini gözləyə-gözləyə, günaşırı, bəzən hər gün həmin bu “atəşkəs” rejimində erməni separatçıları tərəfindən güllə ilə öldürülən 18-20 yaşlı Azərbaycan əsgərləri və uzun illər itkilər verən tərəfin səbrindən sui-istifadə edib cəsarətlənən ermənilərin aprelin 1-dən 2-nə keçən gecə gülləbaran etdiyi dinc əhalinin təhlükəsiz ərazilərə köçürülmək məcburiyyətində qalması.

“Niyə məhz indi başladı” sualına verilən cavablar isə yaradıcı təfəkkürü olanlar üçün daha böyük maraq doğurur. İllərlə torpaqları zəbt edilmiş Azərbaycanın təcavüzkara tutarlı cavabının, gah ölkədə yaşanan uydurma gərginliklə əlaqələndirilməsi, gah da “Türkiyənin diktəsi ilə atılan addım” kimi qiymətləndirilməsi, inanın ki, kənardan sosioloji araşdırmadan çox, cığal uşaqların mübahisə oyununu xatırladır.

Təəssüflə bildirməliyəm ki, kanal həmişəki ermənipərəst mövqeyinə sadiq qalaraq bu gün də qoyulan bu ağrılı və dərin tarixi köklü məsələyə səthi və birtərəfli münasibət nümayiş etdirdi. Lakin, əlbəttə ki, sözü zaman deyəcək. Sizi əmin edirəm ki, o, öz sözünü mütləq deyəcək”.


Müəllif: