5 Aprel 2016 14:15
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib.

Prezident İlham Əliyev Birləşmiş Ştatlara son səfərini məmnunluqla xatırlayaraq ABŞ rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini dedi və bu görüşləri ölkələrimiz arasında olan strateji əməkdaşlığın bir daha təsdiqi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitinin önəminə toxunaraq hazırda dünyada terror təşkilatları tərəfindən nüvə materiallarının əldə olunması təhdidinin meydana gəldiyi bir zamanda bu tədbirin xüsusi əhəmiyyət daşıdığını dedi. Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitinin uğurla təşkil olunması münasibətilə ABŞ hökumətinə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimiz çərçivəsində Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi və Nevada ştatı ilə artıq dostluq münasibətlərinin qurulduğunu qeyd etdi.

Nevada Ştat Assambleyasının sədri Con Həmbrik dedi: "Mən sizin gözəl ölkənizə səfərimdən və bizə göstərilən qonaqpərvərlikdən çox məmnunam". O, Prezident İlham Əliyevə Milli Məclisdə keçirdiyi görüşlər barədə məlumat verdi.

Con Həmbrik Nevada ştatının parlamentinin Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini məmnunluqla xatırladı.


Müəllif: