6 Aprel 2016 00:55
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, öncə MŞ-nin İdarə Heyətinin üzvləri cəbhədə aparılan hərbi əməliyyatların kütləvi informasiya vasitələrində işıqlandırılması məsələlərinə münasibətlərini ifadə edib, təkliflərini səsləndiriblər.

Bildirilib ki, medianın təmas xəttindəki prosesləri ictimaiyyətə çatdırmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. İclasda mövcud sahədəki mənfi məqamlardan da söz açılıb.

Qeyd edilib ki, cəbhədə hərbi əməliyyatlar intensivləşdikdən sonra bəzi saytlar meydana çıxdı və onlar əsasən şişirdilmiş materiallar yaymağa başladılar.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha KİV-ləri, eləcə də sosial şəbəkə istifadəçilərini cəbhə ilə bağlı informasiyaların çatdırılmasında həssaslıq nümayişinə çağırıblar.

Onlar cəmiyyətdəki ümumi ruh yüksəkliyi fonunda bəzən pafoslu təqdimatların nəzərə çarpmasını təbii saysalar da, medianın hadisə və proseslərə soyuq yanaşaraq peşəkarlıq göstərməsinin vacibliyini əsaslandırıblar. Xüsusi vurğulanıb ki, əgər hansısa yaşayış məntəqəsinin və ya rayonun işğaldan azad edilməsinə dair xəbər yayılırsa və həmin xəbər sonradan rəsmi təsdiqini tapmırsa, bu hal işğalçı Ermənistan və onun havadarları olan media qurumları tərəfindən Azərbaycanın cəbhədəki uğurları ilə bağlı faktların hamısının yalan olması kimi təqdim edilir.

Müvafiq olaraq əks cəbhədə hökm sürən kütləvi çaşqınlıq meylləri aradan qalxır. Media, özünü media orqanı kimi təqdim edən hər bir qurum fəaliyyətində bu sayaq psixoloji məqamları da nəzərə almalı, yalnız əsl həqiqətləri çatdırmalıdır.

İclasda xarici ölkələrdə, xüsusən də Rusiyada bəzi ermənipərəst KİV-lərin, habelə sosial şəbəkə profillərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aktiv fəaliyyətə keçdikləri vurğulanıb.

Bildirilib ki, ayrı-ayrı ermənilər facebook sosial şəbəkəsində azərbaycanlı adı ilə saxta profillər yaradaraq ölkəmizlə, hərbi əməliyyatlarla bağlı mənfi fikirlər paylaşır, müxtəlif təxribat əməlləri həyata keçirirlər.
Tvitter sosial şəbəkəsi vasitəsi ilə əsasən "#KarabakhNow", "#NKpeace", "#KarabakhAzerbaijan" həştəqlərində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində guya ədalətsiz mövqe tutduğuna dair mülahizələr yayımlanmaqda, müzakirələr aparılmaqdadır.

Mətbuat Şurası xarici dil biliyi olan jurnalistləri, ümumən cəmiyyətin hər bir üzvünü bu istiqamətdə də aktiv olmağa, Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verməyə çağırıb.

Sonra Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdimatı müzakirə olunub.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi komissiyanın son iclasında 30 məsələyə baxıldığını, 4 kütləvi informasiya vasitəsinin adının Şuranın “qara siyahı”sına salınması üçün müvafiq təqdimatın hazırlandığını deyərək həmin KİV-lərin adını elan edib.

İdarə Heyəti bunu əsas götürərək “Korrupsiya və cəmiyyət+” qəzetinin, “Medaz.az”, “Aktualxeber.info” və “Reportyor.org” saytlarının adlarının Mətbuat Şurasının “qara siyahı”sına daxil olunması barədə qərar qəbul edib.

İdarə Heyəti MŞ-nin Şikayətlər üzrə Komissiyasının son iclasında çıxarılan rəylərə də münasibət bildirib. Qəbul olunan qərarlara əsasən “Aia.az”, “Xeber.info” və “Arqument.az” saytlarına Mətbuat Şurasının xəbərdarlığı edilib.

Digər qərarlarda “Azadlıq” və “Reytinq” qəzetlərinin, “Bizimxeber.az”, “Pia.az”, “Moderator.az” saytlarının şikayət doğuran yazılarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərini pozduqları ifadəsini tapıb.

İclasda həmçinin Şikayətlər üzrə Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Şura sədri Əflatun Amaşov məlumat verib ki, mövcud Nizamnamədə bu komissiyanın iki ildən bir tərkibinin dəyişdirilməsi nəzərdə tutulub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər